ASLAN ƏMİ
Aslan əmidən bir gilə siqaret aldım. Həmişəki kimi, siqareti alışdırmaq üçün ondan alışqan istədim. Aslan əmi qırmızı bir alışqan mənə sarı uzatdı.
Gülümsünərək, "yeni alışqan
almısan, Aslan əmi?! Mübarəkdir!" dedim.
"Yox, varım idi. Çoxdankıdır,"
dedi.
"Axı mən bunu görməmişdim. Yoxsa məxsus
müştərilər üçündür?!"
"Demək olar!" deyib dodağı
qaçdı.
Gülümsünərək, "deyəsən bu işin
içində bir iş var!" dedim.
"Yox,...hən!"
“Mənə de, Aslan əmi. Heç kimə demərəm.
Artıq, bir ildir məni tanıyırsan."
Əlimi alışqanı almağa uzatdım, ancaq özü
onu yandırıb siqaretimi alışdırdı.
"Hələ siqaretini çək, sənə açıqlayaram.
Ancaq öz aramızda qalsın," dedi.
"Yaxşı! Arxayın ol," deyib, siqaretimi
çəkməyə başladım.
Gülümsünərək, "geçən bir ildə səni
yoxlayırdım,” dedi.
"Yoxlayırdınmı?!" deyib gözlərinə
baxdım.
"Hə də. Yeni gələn hər bir müştərimi
yoxlayıram."
"Necə yoxlayırsan?!"
"Bir yeni gələn müştərilər var, bir
bəyəndiyim müştərilər var, bir də bəyənmədiklərim."
"Necə yəni?!"
"Hər yeni müştəri gələndə, onu bir müddət
göz altında saxlayıram. Davranışını izləyirəm," deyib mənə baxdı.
"Çox maraqlıdır! Məsələ bir az qəlizləşdi!
Siqaret satmağı sadə bir iş sanırdım."
"Bəlkə də başqa siqaret satanlar
üçün sadə bir işdir, amma mənim üçün belə deyil."
"İndi bu alışqanların fəlsəfəsi nədir?!"
Aslan əmi, köynəyinin cibindən bir gilə siqaret
götürdü, dodaqlarının sol tərəfinin arasına yerləşdirdi, sonra qırmızı alışqanı
yeşikdən çıxardıb onu alışdırdı. Siqaretini bir udumluq sümürüb, tüstüsünü
tüstülük borusundan çıxan kimi havaya püflədi. Mən də siqaretimə bir qullab
vurub, siqaretçi əminin püflədiyi tərəfə püflədim. Tüstülər birbirinə qarışdı. Aslan
əmi gülümsündü.
"Hə, deyirdim, bir müddətdən sonra əxlaqını,
davranışını bəyəndiyim müştərilərimə siqareti alışdırmaq üçün bu qırmızı alışqanı
verirəm. Yeni gələn müştərilərimə ağ, bəyənmədiyim müştərilərə də sarı alışqan
verirəm."
"Maraqlıdır! Bu alışqanı başqa
alışqanlardan ayıran nədir?!"
"Bu, uzun bir hekayə!"
Yeşiyin arxasından bir kətil çıxardıb, mənə
doğru itələdi.
"Otur! Ayaq üstə yorularsan."
Ayaq üstə onu dinləmək istədiyimi demək
istəyirdim, ancaq yoxlanıldığım müddətin yeni bitdiyinə görə, dəvətini geri çevirməkdən
çəkindim.
Əlindəki siqaretə son qullabı vurub,
onun kötüyünü külqabıya basdı. Mən də onun ardınca siqaretimi külqabıda
söndürdüm. Külqabıda iki siqaret kötüyü daha var idi. Bəlkə məndən qabaq ayrı
bir qonağı da olmuşdu.
Bu arada başqa bir müştəri də gəldi. İki
gilə siqaret aldı. Başını yırğalayaraq Aslan əmiylə salamlaşdı, sonra siqaretini
Aslan əminin verdiyi sarı alışqanla alışdırıb getdi. Aslan əmi onun gedişini izlədi.
Alışqan fəlsəfəsinə görə, Aslan əmi bu kişini bəyənməmiş olmalıydı, o üzdən ona,
sarı alışqan vermişdi.
O kişi uzaqlaşandan sonra Aslan əmi öz-özünə
mırıldandı. Sonra mənə sarı dönüb onun haqqında nəsə demək istədi, ancaq sözünü
ağzından qaytardı.
"Çox siqaret çəkərsən?!" deyib
mənə baxdı.
"Yox, gündə elə bir-iki gilə çəkərəm."
"Hə, yaxşıdır."
"Bir gün burda sənin yanında
qalsam, məhəllədə kimi bəyənib, kimi bəyənmədiyini yaxşıca öyrənərəm!"
deyib güldüm.
Aslan əmi də mənimlə birlikdə gülməyə
başladı. Gülmək səsimizi eşidən yoldan geçən bir gənc qadın dönüb bizə sarı
baxdı.
"Evdə bir çox alışqanım var, illər
boyu toplamışam. Evim alışqan muzeyinə bənzəyir!"
"Nə gözəl! Onda gərək bir gün sizə
gəlib, alışqanlarını yaxından görəm."
"Hə, gəl. Oturub bir çay da içərik."
"Öncə çay, ardından siqaret, sonra
yenə də çay!"
İkimiz də qaqqıltıyla güldük.
"Bəs necə siqaret satan oldun?"
"Gənc yaşlarımdan siqaret çəkməyə
başladım, məktəbi bitirdiyim ildən. Əsgərlikdən sonra işə getdim. Bir şirkətdə
işə başladım, Altay'la da elə orda tanış oldum. Çox yaxşı, canayaxın bir oğlan
idi. Bir özəlliyi var idi, ayda bir qıza vurulurdu!" deyib hıqqıldadı.
Aslan əmi sözlərinə ara verdi. Yeşiyinin
alt qatından çıxartdığı kiçik qumqumadan iki stəkan çay süzdü.
"Şirkət batdı, bizi də işdən
çaxartdılar. İşdən qovulduqdan sonra bir neçə yerə getdim, amma işə götürmədilər,
ya da götürdülər, ancaq bir müddətdən sonra işi bəyənməyib özüm çıxdım."
Stəkanı götürüb bir qurtum çay içdi. "Çayın
soyumasın," deyib içməyə başladı.
Mən də çayımı qurtumlamağa başladım, içində
qızılgül var idi.
"Altay'ın atası kiçik bir dükanda siqaret
satırdı. Altay axşam üstüləri gedib dükanda qalırdı, mən də hərdən onun yanına
gedirdim. Siqaret satmağın yolunu da elə orda öyrəndim."
"Bəs, Altay nə oldu?"
"Altay universitetə getdi, mənsə
giriş imtahanından geçə bilmədim. Elə bu peşədə qalmağa qərar verdim."
Aslan əmi stəkanını dağ su ilə yaxaladı.
Yeşiyin önündə bir motorsiklet dayandı. Motorsikletçi enib bir qutu siqaret
aldı. Qutunu açıb, bir gilə çıxardıb dodaqlarının arasına taxdı. Alışqan istədi.
Aslan əmi ona ağ alışqanı verdi.
Kişi siqaretini alışdırıb, “sağ ol, əmi,"
deyib motora minib uzaqlaşdı.
Aslan əmiyə maraqla baxıb, onun iş fəlsəfəsini
yaxşı anladığımı bilmək üçün, "yeni bir müştəri! Düzdürmü?!" deyə
soruşdum.
"Düzdür. Yepyeni bir müştəri!
Birinci dəfədir görürəm onu," deyərək güldü. "Bax, səndən yaxşı
şagird çıxar, çox tez öyrənirsən!"
"Gərək gündə bir saat gəlib burda sənin
yanında qalam!"
"Hə, gəl!"
Başqa bir müştəri tələsik gəldi. Bir gilə
siqaret aldı, pulu ödəyib, siqareti alışdırmadan çıxıb getdi. Bu kişinin hansı alışqan
qrupunda yerləşdirildiyini öyrənə bilmədim. Aslan əmi də bir şey demədi.
"Bağışla! Müştəri gəldi, sözüm para
qaldı. Nə başını ağrıdım, siqaretçi oğlu Altay mühəndis oldu, mən də onun
atasının peşəsini götürdüm, yol qırağında, yeşik arxasında!"
Aslan əminin son cümləsi qulağımda bir
az satirik səsləndi.
"İndi bu işdən razısanmı?!"
"Artıq, yaşımın bu çağında razılığın ya da narazılığın bir
anlamı yoxdur. geçinirik, elə bu görər."
"Bəli."
"O qırmızı alışqanın da özünə görə
bir macərası var. Qısaca sənə deyirəm. Onu Altay verib mənə."
"Onda bəs bir yadigarlıqdır."
"Yenidən hədiyə verilmiş bir hədiyədir.
Altay'ın bir sevgilisi var idi, burda olanda sonuncu sevgilisiydi. Altay'la
tanış olan gündən onun siqaret çəkməsindən xoşlanmırmış. Altay'dan siqareti tərgitməsini
istəyirmiş. Altay da tərgidəcəyini deyirmiş, amma birdən yox, yavaş-yavaş. Eşitdiyimə
görə qız Altay'ı çox sevirmiş, ona görə necə olursa olsun, Altay'ın siqareti
buraxmasını istəyirmiş. Qızın ata-anası isə Altay'ı istəmirmiş, o üzdən qızlarının
bu oğlanı buraxması üçün bəhanələr axtarırmışlar. Bu arada Altay'ın siqaret çəkməsi
də onun əleyhinə yaxşı girəvə ələ vermiş. Çox çəkiş-bərkişdən sonra, qız Altay'ı
tərgitdirə bilməmiş. Bala-bala aralarında söz çıxmış, küskünlük yaranmış."
Aslan əmi susdu. Bir siqaret götürüb
alışdırdı. Bir-iki qullab vurandan sonra, mənim həyəcanımı görüncə sözünə davam
etdi.
"Onların son görüşməsində, Altay
qıza bir odekolon vermiş, qız da ona bir qırmızı alışqan. Qız odekolon hədiyə
almağı çox sevirmiş, ona görə də Altay ona bahalı bir odekolon hədiyə etmiş. Qız
da siqareti tərgitdirə bilmədiyinə görə, Altay'a alışqan hədiyə vermiş, hətta
oturub Altay'la bir siqaret də çəkmiş!"
"Alışqan hədiyəsi! Vida siqareti çəkmək!
Çox qəribə! Bu qırmızı alışqan elə o alışqandır ?!"
"Hə."
"Sənə necə gəlib çatıb?!"
"O qızdan ayrıldıqdan sonra, Altay
burda çox qalmadı. Burdan Avropa'ya, ordan da təhsilinin qalanını bitirmək üçün
Amerika'ya çıxıb getdi. Getməmişdən neçə gün qabaq bir görüşümüz oldu. Qızı
unutmaq, ondan qalan hər nəyi özündən uzaqlaşdırmaq istədiyini dedi. Bu arada alışqanı
da mənə çatdı."
"Bəs, belə! O biri alışqanlar necə?"
"Hər yerdə yeni, gözəl alışqan
görmüşəm, gedib almışam, əvvəldə elə təkcə bu qırmızı alışqan var idi, sonra ağ
ilə sarını da bu işə qatdım. Bəzisini də dost-tanış mənə hədiyə verib."
Ayağa qalxdım.
"Yaxşı, mən getməliyəm, Aslan əmi.
Bu əhvalatı mənə danışdığına görə çox sağ ol. Bundan sonra yanına tez-tez gələcəyəm."
"Hə, gəl, yenə oturub danışarıq.”
"Hələlik."
"Gülə-gülə."
Yola düzəldim. Aslan əmidən bir az
uzaqlaşdıqdan sonra qanrılıb ona baxdım.
"Alışqan muzeyini də görmək üçün
bir gün evinizə gələcəyəm,” deyib güldüm.
"Mütləq gəl. Gözləyirəm."
Uzaqlaşarkən, Aslan əmiyə ayrı bir müştəri
gəldiyini gördüm. Siqaretini hansı alışqanla alışdırdığını görə bilmədim.
Arxası mənə sarı idi. Ancaq dönərkən, cibinə kibrit qutusunu qoyduğunu gördüm.
Comments
Post a Comment