GEÇİCİ SEVGİLİ
Geçici sevgili olmaqdır işim. Şükürlər
olsun, qarnımı doyururam, bir az da xərclik qazanıram. Bəlkə, "geçici
sevgili"nin nə olduğunu soruşasınız. Belə açıqlayım:
Hər bir səbəbdən dolayı bir qız,
sevgilisindən ayrıla bilər. Ya oğlan buraxıb gedər, ya da qız onu atar. Belə
durumlarda, ümumiyətlə, iki tərəfin ikisi, ya da ən azından biri ruhi sarsıntı
geçirər. Onda, sevgidə yenilmiş hissini yaşayan kimsənin bir sirdaşa, dərddaşa
ehtiyacı olar. Onu anlayan, sözünü dinləyən, atıb gedən, pislik edən əski sevgilini
qınamağa ortaq ola bilən birini axtarar. Qız yeni bir oğlan axtarar, oğlansa
yeni bir qız. Mən də belə halları görüb, sevgi macərası uğursuz bitən qızların
yanında olmağa qərar vermişəm.
Yaşadığımız toplumun içində bu macəralar
çox sıx baş verir. Həmən-həmən gündə bu şəhərdə bəlkə onlarca sevgili birbirindən
ayrılır. Ona görə, demək olar, əlim heç boş qalmır. Əlbəttə işimi yenilmiş
sevgililərə tanıtdırmaq üçün, gərəkli işləri görürəm. Sanal dünyada, ictimai şəbəkələrdə,
əlimdən gəldikcə, geniş reklamlama işi aparıram.
Bəlkə bu işə necə gəldiyimi soruşan
olsun. Onları belə bilgiləndirə bilərəm:
Yirmi il öncə, yeniyetməlikdən gəncliyimə
addım atdığımda ilk ciddi sevgi macəramı yaşadım. Əlbəttə ondan öncə, məktəb
dövründə atamın yoldaşının qızından bir az xoşum gələrdi, amma aramızda sevgi olmadı.
Ancaq bilimyurdunda öyrənci ikən, bir qızla qarşılaşdım. Sarışın idi, ala gözləri
var idi. Sanıram ona tay birini bir-iki dönə yuxuda görmüşdüm. Gözümü tutdu. Ona
bir təhər yaxınlaşmaya çalışdım. Ancaq çox alınmadı. Təkcə gündəlik salamlaşma
həddinə gəlib çatdı. Bu isə məni heç razı salmırdı. Bir gün onu bahalı bir
maşından enərkən gördüm. Sürücünün yanından enib, ağlaya-ağlaya maşından
uzaqlaşdı. Arxadan baxırdım. Sürücü bir kişi idi, bir az dayanıb, sonra qaza
basıb getdi.
O gündən sonra qızı bir həftə kimi
bilimyurdunda görmədim. Fakültələrinə getdim, ola biləcəyi yerləri axtardım,
amma onu tapa bilmədim. Gələn həftəsi onu səhər çağı yeməkxanadan çıxarkən
gördüm. Üst-başı, üz-gözü bir az dəyişmişdi. Gözləri bir az şişmiş görünürdü, bənizi
də ağarmışdı. Salamlaşdıq, sovuşub getdi.
Bir neçə gün sonra bilimyurdunun tuşundakı
xiyavanda onunla bir kitabçı tükanında qarşılaşdım. Bu kəz bir az daha isti
salamlaşdıq. Hələ də üz-gözündə bitkinlik izləri var idi. Dərslərdən, bilimyurdundan,
havadan-sudan danışdıq. Kitabçıdan eşiyə çıxıb, xiyavanda yeriməyə başladıq. Ona
birlikdə nəsə içməyi təklif etməyə ürəkləndim. Bu fikri bir neçə yol beynimdə
dolandırdım, öncə yox deyəcəyindən, pis davranacağından qorxdum, sonra onun mənlə
heç birlikdə olmadığı gəldi geçdi fikrimdən. Onu qazanmaq üçün uduzmaq riskini
də gözə almağın gərəkdiyini düşündüm. Dərin bir nəfəs alıb dedim:
"Birlikdə nəsə içməyə nə deyərsiniz?!
Qəhvədən, meyvə suyundan?!"
Mənə bir baxıb gülümsündü.
"Zəhmət olar."
"Nə zəhməti!!" deyib sevinərək
ona baxdım.
"Bəlkə birlikdə bir qəhvə içək,"
deyib yenidən gülümsündü.
İstədiyim olmuşdu.
"Olar! Olar! Buyurun!" deyib əlimlə
ona yolu göstərdim.
Kafədə qəhvə içə-içə ona baxdım. O da mənə
baxdı. İkinci riskin düz zamanıydı.
"Siz... siz bir az tutqun
görünürsünüz!" deyib baxdım.
Qızdan səs çıxmadı. Üzünə ağlamsınmaq
çökdü. Hıqqıldadı.
"Sizi incitdimsə, bağışlayın,"
deyib, bir kağız dəsmal götürüb ona verdim.
Dəsmalı alıb, yanağındakı bir-iki damla
yaşı silib ağzının qabağına tutdu. Nə zülümlə də olsaydı, ağlamağını durdurdu.
"Yox, siz pis bir iş görmədiniz,"
deyib bir az gülümsünməyə çalışdı.
"Danışmaq istəsəniz, mən yaxşı dinləyici
ola bilərəm," deyib balaca bir gülüş atdım.
"Çox sağ olun," deyib susdu.
Üzünün biçimindən o gün bundan daha çox
danışmayacağını anladım. Daha o haqda heç nə soruşmaq istəmədim. Üçüncü riskə
girsəydim, onunla bir daha görüşmək imkanını itirə bilərdim. Artıq, getmək vaxtıydı.
Qəhvəni bitirdikdən sonra bayıra çıxıb,
bir az o yanlıqda ayrıldıq. Bundan çox onu saxlaya bilməzdim. Bu görüşlərin
ardı olmasını istəyirdim, ona görə tələsməməliydim.
O gündən sonra bilimyurdunda daha çox
birbirimizə yaxınlaşmağa başladıq. Artıq, bir aydan sonra sevgili durumuna gəlib
çatdıq. Yavaş-yavaş özündən danışmağa başladı. Əski sevgilisindən, onun öncə
yaxşı olub sonra pis olmasından, son aylarda onun başqa qızlarla gəzib-dolanmasından
söz açdı. İki il sevgili imişlər, hər nə yolunda getsəymiş, yaxında evlənəcəkmişlər.
Sonda da onu daha heç sevmədiyini dedi.
Onun sözlərini dinlədikcə, bir tərəfdən
o oğlanı beynimdə gedələşdirir, qınayırdım, başqa tərəfdən isə qızı mənə
buraxıb getdiyinə görə ona sağol deyirdim. Gündən günə ona yaxınlaşdıqca içimdə
bir çəlpəşiklik, toqquşma yaranırdı. Bir yandan varlı bir oğlandan ayrılmış zəngin
bir qızla sevgililəşməyin mənim üçün böyük bir risk yaradırdı, o biri yandan isə
sevdiyim qızla birlikdə olmağın doyulmaz bir dadı var idi.
Mənim birinci sevgi təcrübəm idi, onunsa
ikincisi. Birliyimizin ikinci ayında, artıq, halı düzəlmişdi. Daha əski sevgilisindən
danışmırdı. Mənimkiləşməyini davranışlarından açıq-aydın sezə bilirdim. Aramız,
umduğumdan daha çox isinmişdi. İşlər çox gözəl irəliləyirdi. Qızı o çətin ruhi
durumdan qurtardığıma çox sevinirdim.
Ancaq tanışlığımızın üçüncü ayının
sonlarında onun davranışı yavaş-yavaş dəyişməyə başladı. Mən, getdikcə, daha
çox bağlanırdım, o isə məndən uzaqlaşırdı. Bunu yaxşıca sezmişdim. Görüşməyə
göylü olmurdu, ya da görüşə gec gəlirdi. Hərdən telefonu açmırdı.
Bilimyurdu qış tə'tillərinə gedirdi.
İmtahanların sonuncu günündə onu yenə o kafədə qəhvə içməyə də'vət etdim. Öncə
yox dedi, ancaq bir-iki addım yeridikdən sonra də'vətimi qəbul etdi.
Kafə bir az tünlük idi. Güc-bəlayla
bucaqda iki boş oturacaq tapıb oturduq.
"Yenə qəhvə?!" deyib gülümsünərək
ona baxdım.
Başı ilə hə dedi. Qəhvə içərkən aramızda
hansısa bir danışıq olmadı. Bir neçə yol onun üzünə baxdım, amma o mənim
baxışıma heç qarşılıq vermədi. Qəhvə bitdikdən sonra yenə riskə girdim.
"Nə olub?! Niyə belə soyuq
olubsan?!" deyib, gözlərində sevdiyim baxışı görə bilmədiyimdən,
dodaqlarına baxdım.
"Heç! Bugün bizim tanışlığımız ya
da sevgililiyimiz, adını hər nə qoyursan qoy, burda bitir!" dedi. Çox
soyuqqanlı görünürdü.
"Bitir nə demək?!!"
"Çox sağ ol. Səninlə olmaq mənim
üçün yeni bir təcrübəydi. Məni ruhi sarsıntıdan çıxartdın. Buna görə sənə
borcluyam. Amma, artıq, mən istədiyim adamı tapmışam. Səninlə olmaq əski
sevgilimlə yeni sevgilimin arasında bir geçid dövrü kimi idi. Bu mənim üçün də
yeni bir təcrübəydi. Doğrudan da unutdurmaqda çox usta bir adamsan. Mən sənin
yerində olsam, bu işin ardını tutaram: geçici sevgili olaram, insanlara əski
uğursuz sevgilərini unutduraram! Beləcə yaxşı pul da qazana bilərsən!"
deyib mənə baxaraq güldü.
Mənim üzümdəki çaşqınlığı, donuqluğu
görüb əlini əlimin üstünə qoydu.
Əlini tutmaq istədim, ancaq geri çəkdi.
"Axı mən səni sevirəm," deyib
gözlərinə baxdım.
"Bu sözləri burax. Bir az ciddi ol.
Bizim birliyimizin uzanması ikimizə də zərər yetirə bilər," deyib, qəhvə
fincanını ağzı üstə nəlbəkiyə çevirib ayağa qalxdı.
"Belə ki olmaz! Hər nə bu
rahatlıqda bitə bilməz ki!"
"Elə baxma! Dur gedək!"
Kafədən çıxdıq. Dördyol ağzında əl
sıxışdıq. Ayrılıb xiyavanı geçdi. Donub qalmışdım. Işıq qızardı. Onun
uzaqlaşmasını izlədim.
Axşam üstü zəng elədim. Öncə telefonu
açmadı. Beş yol zəng edəndən sonra açdı.
"Sözümüzü danışdıq. Lütfən bir daha
zəng eləmə!" dedi.
"Mənə heç fürsət vermədin
danışmağa. Mənim də... Alo! Alo!"
Telefondan kəsik siqnal səsi gəldi.
Ondan sonra bir daha telefonu açmadı. Bir həftədən sonra da telefon nömrəsini dəyişdi.
Həmən gün postçu bir pakat gətirdi. Pakatın içində bir çek var idi, üstündə məbləğ
yazılmışdı, arxasında isə qızın imzası görünürdü. Kiçik bir kağız parçası da
çekin altında var idi, üstündə, "Bir ayrılıq hədiyəsi! Çəkdiyin zəhmətlərə
görə çox sağ ol! Solmaz!" yazılmışdı.
Qış tə'tilləri bitdikdən sonra o qızı
yeni termdə görmədim. Soraqlaşdım, bir term izin aldığını öyrəndim. Payız
terminə gələndə onu başqa bir oğlanla bilimyurdunun önündə əl-ələ gördüm. Üz-gözü
çox dəyişmişdi.
İki il ondan sonra buna bənzər bir macəra
yenə başıma gəldi. Yeni bir qızla yarımçıq bir sevgi yaşadıq. O da buraxıb
getdi.
Oturub düşündüm. Bütöv sevgi işində
bacarıqsız, yarımçıq sevginin isə ustasıydım. Beləliklə yavaş-yavaş sevgi işinə
bir peşə kimi girişməyə başladım. İndi neçə ildir uğursuz sevgiyə düşən, daha
çox, varlı qızların ötəri sevgilisi
oluram.
Comments
Post a Comment