BƏBİRXAN
Bəbirxan
sonunda gəlib çıxdı. On beş gün olmuşdu gedəli. İzinə getmədən bir gecə öncə
səngərdə mənim yanıma gəldi. Sözünü ağzında bir neçə dəfə dolandırdı, havadan
sudan danışdı. Sonunda mənim sorğulu baxışlarımla qarşılaşınca əsl sözünü ağzından
çıxartdı.
"Deyirəm
Əhməd qağa, bir az pulun var, mənə borc verəsən, sabah izinə gedirəm! Bilirsən
ki, üç aydır evə getməmişəm, bir qıran pulum qalmayıb!"
"Yaxşı.
Neçə istəyirsən?" deyə soruşdum.
Gözləri
güldü. Mənim yox deyəcəyimdən çəkinirmiş deyəsən.
Sevinərək,
"elə bir yol kirası olsa, yetər. İnşalla qayıdanda qaytararam," dedi.
O
gedib qayıdandan sonra mənim izin sıram gələcəkdi. Bölüyümüzdə az sayıda əsgər
olduğuna görə, bizə gec-gec izin verirdilər. Mənim də sıram üç aydan sonra
gəlib çatmışdı. Bəbirxan'ın gəldiyini gözləyirdim, ondan pulumu alıb, gedib
şəhərdən bir neçə parça sovğat alıb kəndimizə gedəcəkdim.
İzindən
qayıtdığı günün sabahısı Bəbirxan bizim yataqxanaya gəldi. Onu çox sevincək
qarşıladım.
"İzin
xoş geçdi mi?" gülümsünərək soruşdum.
Bəbirxan,
"çox yaxşıydı! Ailəmə, kəndimizə çox darıxmışdım!" deyə cavab verdi.
"Təriflə
görək!"
"Fürsətində
gəlib tərifləyərəm. Amma indi sənə bir zəhmətim var."
Heç nə
demədim. Gözlərimi ona zillədim.
"Bilirsən
ki, mənim yazı-pozu savadım yoxdur, iki xətt məktub yazdırmaq istəyirdim,
ata-anama göndərəm, sağ-salamat gəlib çatdığımı xəbər verəm onlara," deyib
mənim üzümə baxdı.
"Hə,
yaxşı," deyib, mənə sarı uzatdığı kağız qələmi aldım.
"Zəhmətdir,
bağışla! Sabah postçu bölüyə gəlib məktubları toplayacaq. Ona görə indi gəldim
yazdırmağa."
"Nə
zəhməti!"
"Belə
yaz, Əhməd qağa: Salam, əziz ata-ana! Mən dünən axşam gəlib xidmət yerimə çatdım.
Yolda üç dəfə maşın dəyişməli oldum. Bilirsiz ki, kənddən bura birbaşa maşın
yoxdur. Hələ yolun sonunda iki saat da piyada gəlməli oldum. Amma Allah'a şükür
sağ gəlib çatdım. Hə, bir şeyi də deməliyəm. Yolda gələndə pulumu maşında
oğurladılar. İndi pulsuzam, mənə pul yollayın, yoldaşımın borcunu verim. Allah
amanında qalın. Hamıya salam yetirin. Oğluz Bəbirxan!"
Sözləri
bitcək mənim çaşqın üzümə baxdı. Nə deyəcəyimi bilmədim. Soyuq tər basdı məni. Çaşqınlıqdan
çıxıb özümə gələnəcən, Bəbirxan sağollaşıb getdi.
Bir az
sonra, səngərdən çıxarkən Aydın'la qarşılaşdım.
"Bəbirxan'ı
gördüm, əlində kağız var idi. Deyəsən, bu dəfə sənə məktub yazdırıb,” deyə
qaqqıldadı.
Təəccüblə,
"nədən gülürsən, Aydın?!" dedim.
"Ona
pul borc vermişdin?! Fırıldağın biridir e! Geçən dönə məndən borc almışdı, məktubunu
da mənə yazdırdı, indi də sənə!" deyib gülə-gülə uzaqlaşdı.
Comments
Post a Comment