YIĞVA
Yaşar, "Güc-bəlayla bu gecə üçün bizə
vaxt verib. Heç gör telefonunu açırdı! Qapısına getdim, onunla yaxından
danışdım," dedi.
Əhməd, "Hə, eşitmişəm bu günlərdə bazarı yaman qızışıb, əmoğlum
deyirdi şənliyimizə çağırdıq, dedi gərək iki ay qabaqdan çağıraydınız, vaxtım
doludur!" dedi.
Qasım, ''Geçən həftə kiçik qaynımın toyuydu, elə bu Mırtağa'nı də'vət
eləmişdilər, iki saatlıq gəldi, yeriniz boş, yaman güldük, ürəyi geçənlər də oldu,"
dedi.
Mən, "Adı Mırtağa'dır?!" deyə soruşudum.
Yaşar, "Yox, adı Xanoğlan'dır, amma el şənliklərində camaatı
güldürdüyünə görə xalq ona Mırtağa deyir," dedi.
Qasım, "Hə, sən axı Tehran'da yaşayırsan, ona görə burada olub-geçənlərdən elə xəbərin olmur. Burada toyda
həm musiqi var həm də arada Mırtağa camaatı güldürür, bir neçə il olar toylar
belə gedir," dedi.
Əhməd, "Hə də, Tehran'da Mırtağa'nı haradan tapacaqsan?!"
dedi.
"Tehran'da da bə'zi restoranlarda Mırtağa kimi adamlar var,"
deyə gülümsündüm.
Qasım, "Hələ de görək haçan gələcək bura?" deyə Yaşar'dan
soruşdu.
"Son dəfə dünən günorta çağı onunla danışdım. Öncə telefonunu yenə
açmayacaq sandım, amma son zəng siqnalında açdı. Dedi bu gecə on ikidə burada
olacaq. Bir toyda çıxışı var, ondan sonra bura gələcək. Önödəniş üçün də əlli
min hesabına yatırtdım. Öz yanında bir hesab-kitabı var, özü üçün beləsinə
bazar qızışdırır," deyib güldü.
"Hələ arxayınsan gələcək?" deyə soruşdum.
Yaşar cavab verməmişdən öncə Əhməd birdən sözün ortasına atıldı.
"Hə də, neçə yol zəng eləyib, gedib yaxından da danışıb. Artıq,
Yaşar onu gətirmək üçün lazım olası e'tibarı qazanıb!" dedi.
Gülüşmə səsi bürüdü otağı. Yaşar'ın haqqıltısı, Əhməd'in
qaqqıltısı, Qasım'ın pıqqıltısı, mənim qıqqıltım. Deyəsən bizim mırtşovlu gecəmiz
elə axşam çağından başlamışdı. Bütün bunlar Mırtağa'nın məclisinə bir giriş ola
bilərdi. Neçə ildən sonra uşaqlıq yoldaşlarımla bir yerə yığışıb uşaqlıq illəri
kimi bir neçə saat üçün bütün qayğılarımızı, fikirlərimiz unudub, otuz il öncəyə
qayıtmaq istəyirdik bu gecə. Hələ başda elə bu Mırtağa'nın gəlməyi mırta
çevirilmişdi, gör indi Mırtağa'nın özü gəlsəydi nə olacaqdı!
İllər sonra yenə bir gecə bağda geçirəcəkdik. Yaşar'gilin bağının
köməsi elə uşaqlıqda gəldiyimiz xam kərpicdən tikilmiş köməydi, sadəcə bir az üst-başına
əl çəkilmişdi, tə'mir işləri aparılmışdı.
Yaşar, "Bu il deyəsən qış tez gələcək. Hələ kiçik çilləyə bir
ay qalmış havalar soyuyub," deyib sobanın içinə neçə parça odun itələdi.
Sonra altdakı közü bir az eşələdi. "Dünən gecə də buradaydıq, gecələr kömə
soyuq olur."
Qasım eşikdən doldurduğu çaydanı sobanın üstünə qoydu. Yaşar kömənin
qapısını açdı, bağa çıxmaq istədi. Qapının arasından sazaqla birlikdə bozbaşın
iyi də içəriyə girdi.
"Deyirəm yaman acmışam a, ay Yaşar," deyə gülümsündüm.
Yaşar, "Yemək də pişib, çoxdan asmışam, gedirəm gətirəm,"
deyə kömədən çıxdı.
Şamı yeyib yığışdırmağımız bir saatdan çox çəkdi.
Yaşar'a, "Heç bilmirdim belə yaxşı aşpazsan!" deyib təyid
üçün Əhməd'lə Qasım'a baxdım.
Yaşar güldü.
Qasım, "Da adamın arvadı rəis olanda bə'zi xeyirləri də adama
toxunur. Ac ki qalmayacaq!" deyib güldü.
Əhməd, "Elədir. Bax, mən ki ancaq yumurtanı suda pişirə bilirəm,
o da məcbur qalanda. Allah arvadı bizə çox görməsin!" dedi.
Onun sözünün ardını tutan Qasım, "Mən də yumurtanı iki cür
pişirə bilirəm, yağda, suda," deyib güldü.
"Bərəkalla sənə, xanım olamasa, sən Əhməd'dən bir az daha çox
diri qala bilərsən!" dedim.
Hərə öz gülmək tərzi ilə yenə otağı cingildətdi. Mənim gülməyimin
bir azı deyilən sözlərə, bir azı da atılan gülüşlərin səsinə görəydi. Uşaqkən
Yaşar'la Qasım şəhərdəki tanıdığımız çeşidli adamların danışığını, gülüşünü, davranışını
yamsılayıb bizi güldürərdilər. Neçə il ayrılıqdan sonra bəlkə bu gülüşlər, mənim
kimi onlara da o yamsılamaları xatırladırdı.
"Mən də elə çox yemək pişirə bilmərəm, yani xanım bir həftədən
çox evdə olmasa, ikinci həftədən pişirdiyim yeməkləri başdan başlamalı oluram,"
deyib gülümsündüm.
Qasım, "Onda yemək pişirməkdə aldığımız xallarla özümüzü
sıralamaq istəsək, Yaşar'a on xal, Aydın'a beş xal, mənə üç xal, Əhməd'ə də bir
xal, o da ürəyi sınmasın deyə, yoxsa bir xaldan da az ola bilərdi," deyib
gülməyə saldı bizi. Əlbəttə Əhməd'in qulaqları bir az qızardı.
Yaşar, "Bizim xanım ki elə ilk gündən məndən gec gəlirdi evə,
işi çox olurdu. Ona görə başımın çarasına baxmalı oldum. Amma haqdan geçməməliyəm
ki, xanımım restoranları yaxşı tanıyır!" deyib gülüşüylə doldurdu köməni.
Yaşar çayı qurtumlaya-qurtumlaya qolundakı saata bir baxdı. Bənizində
bir az nigaranlıq var idi. Qasım'la Əhməd hərəsi bir balınca dirsəklənib
qıçlarını uzatmışdılar. Mənlə Yaşar da kürəyimizi duvara söykənən balınca
dayayıb bağdaş qurmuşduq.
"Mırtağa yubanıb?" deyə soruşdum.
"Yox, hələ, gəlməyinə bir az qalıb," dedi Yaşar.
Əhməd ikinci çayını tökdü fincana.
Çayının tilifini qurtuldadan Qasım kəhildəyərək, "Deyirəm gülməklərimizdən
bir az da saxlayaq Mırtağa üçün, qorxuram o gələnəcən gülməyimiz kökündən tükənmiş
olsun," deyib güldü.
Əhməd, "Hə, düz deyirsən, gülməyimiz bitərsə Mırtağa'ya verəcəyimiz
pul batacaq," dedi.
Yaşar, "Qorxmayın, onun dəyindiyi mövzular yepyenidir, məclisə
baxır duruşunu seçir," dedi.
"Bu Mırtağa'nı o qədər tə'rifləyibsiniz ki, səbirsizliklə onu
gözləyirəm. Sanıram elə qapıdan içəri gircək məni gülmək basacaq," deyib
güldüm.
Qasım, "Mırtağa'nın üz-gözü, üst-başı da gülməlidir, adam əvvəldə
onun özünə gülür, danışandan sonra sözünə gülmək də qarışır özünə gülməyə,"
deyib pıqqıldadı.
"Onda yüz səksən dərəcə güldürür adamı: doxsan özü, doxsan da
sözü! Hələ deyin görək bu Mırtağa kimlərdəndir? Buralıdır?" deyə soruşdum.
"Aslan Əmi'nin oğludur. Tanıyırsan da, yox?!" dedi Yaşar.
Başbarmağımla çənəmi qaşıyaraq, "Hansı Aslan Əmi?" deyə
soruşdum.
"Bazar Körpüsü'nün yanında kababçı tükanı var idi ha,"
deyə Qasım cavab verdi.
Sevinərək, "Hə, hə, yadıma düşdü, uşaqlıqda bir neçə dönə
atamla orada kabab yemişdik. Mirasa qalmış kabablarının yaman iyi gələrdi.
Günorta çağı məktəbdən gələndə onun qabağından geçərdik, bir yandan acından
qarnımız quruldayardı, bir yandan da kabab iyi burnumuzu şişirdərdi,"
dedim.
"Hə, elə özüdür," dedi Əhməd.
"Hə, hə, düzdür, sağ ol. Mən o günləri unutmuşdum, yaxşı sənin
yadında qalıb, Aydın!" gülümsünərək dedi Yaşar.
Qasım, "Bir gün məktəbdən
evə gəldim, yaman acmışdım, beş oxuyurdum. Gördüm evdə kimsə yoxdur, soraqlaşdım
gördüm anam gedib Balqız Xala'gilə. Qoca bir qadın idi, tək yaşayardı, əri
ölmüşdü, bir oğlu var idi, o da Ərdəbil'ə köçmüşdü. Çox işlərinə elə anam yetişərdi.
O gün Balqız Xala'nın başı gicəlmişdi, yerə yıxılmışdı. Anam getmişdi ona dəysin,
onu o vəziyətdə görmüşdü. Mətbəxə getdim gördüm günorta yeməyindən xəbər yoxdur.
Çoxdan idi Aslan Əmi'nin kababının həsrəti ürəyimdə qalmışdı, atama da neçə dəfə
demişdim, amma mənə kabab almamışdı. Bir yandan acımdan gözlərim qaralırdı, bir
yandan da naharın olmaması məni fikrə salmışdı. Çanta-zadımı evə qoyub qaça-qaça
getdim Aslan Əmi'nin tükanına. Yemək çağı olduğuna görə tükanda üç-dörd adam
var idi, kənd alverçisiydilər," dedi. Bir az udqundu. Soyumuş çay fincanını
başına çəkib yerə qoydu.
Hamımız üzügülüşlü onun sözlərini dinləyirdik.
"Hə, bucaqda bir oturacaq boş idi, tükana girib orada oturdum.
Aslan Əmi mənə təəccüblə baxdı. 'Hə, nədir oğlum,' dedi. Dedim, 'ay Aslan Əmi
atam dedi ki, mənə iki kabab verin yeyim, özü gəlib pulunu ödəyəcək.' Aslan Əmi
də mənim sözümə inanıb, manqalın içindəki közlü kömürün üstünə iki şiş döymə
kabab qoydu. Kabab pişənəcən mənim ağzımın suyu axıb töküldü. Sonunda kababı
yeyib tükandan çıxanda Aslan Əmi soruşdu, 'xoşuva gəldi a bala.' Dedim, 'çox
yeməliydi, sağ olun, Aslan Əmi.' Evə qayıtdım, bir azdan anam gəldi. Deyəsən
Balqız Xala'nın halı düzəlmişdi. Atam gündə saat ikidə işdən gələrdi, ondayacan
anam naharı asıb pişirdi. Mən də üzdəngeçmə süfrədə bir əl dolandırdım. Bir
ay-zad bu olaydan geçdi, bir gün gördüm atam evə gəldi, çox qeyizli idi, otağa
girdi, məni görcək bir şapalaq geydirdi sağ qulağımın dibindən. Anam evdə yox
idi məni onun əlindən alsın. Bir şapalaq daha qoydu sol qulağımın dibindən.
Ağzım açıq qalmışdı, atam məni niyə vururdu. Ağlaya-ağlaya dedim, 'ay ata, axı
neyləmişəm?!' Dedi, 'özbaşına gedib kababçıda kabab yeyirsən, yalan danışırsan,
məni də işindən xəbərsiz qoyursan?! Bugün Aslan qabağımı kəsdi dedi bəs bizim
borcu haçan verəcəksən, dedim nə borcu?! Dedi bəyəm xəbərin yoxdur, axı o gün
oğlun gəlib bizim tükanda kabab yedi, dedi atam gəlib hesablayacaq. Kül başıva,
mənim abrımı tökürsən?! Bir də budan sonra bu oyunlardan çıxsan, belə vurram
ölün qalar.' Atam otaqdan hirslə çıxdı," deyib sözünü bitirdi Qasım.
Biz gülməkdən geçinmişdik. Bir çaynik çayı heç bilmədik haçan töküb
içmişik.
Yaşar, "Öncə kabab, sonra kötək! Deyirlər kababdan sonra kötək
yaman yapışar!" deyib güldü.
"Sən lap elə atalar sözü yaratdın a, Yaşar!" deyib
güldüm.
Yaşar'ın haqqıltısı otağı doldurdu.
Əhməd, "Əcəb oyun olub!" deyə Qasım'ın xatirəsinə fikir
bildirdi.
Yaşar Qasım'a, "İndi ki sən onu dedin, mənim də bir xatirə
yadıma düşdü," dedi.
Əhməd, "De görək sən kimin başına börk qoyubsan!" deyib
qaqqıldadı.
Əhməd'in sözünə mi yoxsa qaqqıltısına mı Qasım'ın gülməyi tutdu.
Onun ardınca mən də güldüm, sonra bir anda kömədə müxtəlif gülüşlər cingildədi.
"Yadınızdadır isti yay gecələrində sərinləmək üçün hərdən damda
yatardıq?" dedi Yaşar.
Hamımız birdən, "Hə, hə, hə," dedik.
"Mən damda yatmağı çox sevərdim, ulduzlara baxa-baxa, onları
saya-saya yuxuya dalmağın ayrı bir kefi var idi. Elə indi də xanımın
qorultusunu canıma alıb, hərdən damda yataram," dedi Yaşar.
Əhməd, "Yaxşı bir fikirdir ə, biz də hərdən xanımdan izin alıb
damda yataq," deyib güldü.
Bizim gülüşlərimiz Yaşar'ın sözünü kəsdi. Yaşar da bizə qoşulub
güldü.
"Hə, Mən uşaq olanda Aslan Əmi'gil bizimlə qonşuydular. Bir il
yayda Aslan Əmi'nin Tehran'da yaşayan qardaşıgil onlara gəlmişdilər, o isti gecələrin
birində kişi xaylaqları damda yatmağa qərar verirlər. Aslan Əmi, qardaşı İmran, qardaşı oğlu Həmid,
oğlanları İban'la Mırtağa yatmağa dama çıxırlar. Yorğan-döşək salıb uzanırlar.
Həmid'in atası deyir ki, 'mənim oğlum bə'zi gecələr durub yuxuda yeriyər, neçə
dəfə də gecə durub gedib o yan bu yana dəyib özünü yaralayıb. Ona görə hərdən evdə
onu topuğundan pəncərənin tutucağına bağlayırıq. Əlbəttə təzəlikdə yuxuda yeriməsi
bir az azalıb, amma yenə də ehtiyat üçün onu bir yerə bağlasaq yaxşı olar.' Nəhayət
Həmid'i bir kəndirlə topuğundan taxta bir kətilə bağlayırlar. O gecə biz də
damda yatmışdıq, birdən gecə yarısı hay-küy səsiylə yuxudan atıldıq. Bir tərəfdən
'vay başım, vay qıçım!' sızıltısı gəlirdi, bir tərəfdən 'nə oldu, Həmid, başıva
nə gəldi?!' bağırtısı, bir tərəfdən 'vay, evim yıxıldı, oğlum!' qışqırtısı məhəlləni
bürümüşdü. Bütün qonşular Aslan Əmi'gilin qapısına tökülüşdülər. Getdik gördük
bəli, Həmid oğlan gecə durub yuxuda yeriyib, kətili də özüylə sürütləyib, gəlib
damdan düşüb dar küçəyə, şansından dam alçaqmış, küçədə də qum varmış, elə o
qumun üstünə düşüb," dedi Yaşar.
Sözün burasında Yaşar'ı gülmək tutdu, o xatirə
deyərkən yavaş-yavaş gülən bizlər Yaşar'la birlikdə gülməyə boğulduq.
"Sonra nə oldu?!" deyə soruşdum.
"Nə olacaq daha! Oğlanın anasına, özünə qəndsu
verən kim, onların kürəyini ovan kim, Aslan Əmi'yə İmran'a ürək verən kim! Daha
ara qarışdı, məssəb itdi. Sonunda bir saat müzakirədən, müşavirədən sonra hamı
bir qurbanlıq kəsilmək qərarına vardı. Qurbanlığın xərci də Aslan Əmi'nin
boynuna qoyuldu," deyib fincanını götürdü Yaşar.
Əhməd, "Əcəb oyun olub!" dedi.
Yaşar saatına baxdı. "Mırtağa'nın gəlməsinə
bir saat qalır hələ," dedi.
Qasım ayağa qalxıb bayıra çıxdı, qayıdanda əlində
bir bulud heyva var idi.
Əhməd gülümsünərək, "Ədə, onları yesək
gecə yarısına bir də acarıq ki!" dedi.
"Eybi yoxdur, durub obaşdan pişirərik!"
dedi Yaşar.
Əhməd qımışdı, qaqqıldadı.
Yaşar, "Hə, nə oldu, Əhməd, birdən qıqqıltıya
düşdün?!" deyərək dodağı qaçdı.
Əhməd gülə-gülə, "Heç zad, heyvaları
gördüm bir xatirə yadıma düşdü, ona gülürəm," dedi.
Qasım, "De görək. Deyəsən sıra sənə
çatıb." dedi.
"Yenicə yeniyetməlik çağına girmişdim, başım
yelli idi. Dayımoğlu Mahmud'a qoşulub qalmayan yaramazlıqdan çıxırdıq. Hələ Mahmud
lap nadinc idi, daş-duvara dırmaşardı, məhəllədə uşaqları döyərdi, hərdən də
özü döyülərdi, dərsə fikir verməzdi, it-pişik boğuşdurardı. Mən yaramazlıqda Mahmud'a
çatmazdım, amma ona qoşulanda nadincliyimin dərəcəsi qalxardı. Çox vaxt Mahmud'un
sözünə uymazdım, amma hərdən də onun şuluqluğuna yoldaşlıq eləmək istəyərdim. Bir
gün elə heyva vaxtı dayımoğlu dedi ki, 'gəl heyva oğurluğuna gedək.' Mən
ondayacan heç belə işlərdən görməmişdim, ona görə oğurluq sözünü eşitcək
qorxdum. Amma Mahmud dedi ki, 'bu, ev çapmaq kimi oğurluqlardan deyil ki, bir təhər
zarafatdır, həm gizlicə bir iki heyva dərib yeyəcəyik, həm də bir az əylənib güləcəyik.'
Belə-belə sözlərlə məni razı saldı. Razılığımı görən Mahmud tez dedi ki, 'bibimgilin
qonşusunun bağına gedək, orada yaxşı heyvalar var.' Aslan Əmi'nin bacısıgil Mahmud'un
bibisigilin qonşuları idi, Nərgiz Xala'gilin bağında yeməli, sulu heyvalar var
idi. Mahmud dedi ki, 'Nərgiz Xala'gil günortadan sonra bağda olmurlar, onda gedə
bilərik.' Qərarlaşdıq məktəbdən gələndən sonra bağa gedək. Saat üç-zad həndəvərində
onların heyva bağına getdik, doğrudan da yaxşı, sapsarı, gözoxşayan heyvaları
var idi. Heyvası yaxşı yetişmiş ağacların birinin budağını əyib bir-iki heyva dərdik,
ağacın altında oturub yeməyə başladıq. Mən heyvanı yeyə-yeyə o yan bu yana
baxınırdım birinin gəlməsini görüm, amma Mahmud'un heç vecinə də deyildi,"
deyib qabdakı heyvalardan birini götürüb bir diş vurdu, heyvanın yarısı getdi.
Əhməd'in beləsinə heyva yeməsi bizi də həvəsləndirdi,
hərəmiz bir heyva götürüb dişləməyə başladıq. Sanıram mənim kimi Qasım'la Yaşar
da xatirənin gülməli yerini gözləyirdilər.
"Heyvanı yedik qalxdıq gedək, birdən
Mahmud'un gözü ağacdakı payız armudlarına sataşdı. Armudlar da çox iri idi,
adamı çağırırdı. Mahmud dedi ki, 'sən dur burada, qoy mən çıxım bu ağacdan
bir-iki armud dərim, bu armudlar yaman yeməli olur.' Mən heç nə demədim. Mahmud
ağaca dırmaşdı, bir armud dərib aşağı atdı mən tutdum. İkinci armudu dərəndə
birdən bir bağırtı diksindirdi bizi. 'Ay köpeyoğlanları, bizim bağda nə qələt
dartırsınız, indi hesabınıza çataram,' deyə-deyə gördük Nərgiz Xala'nın əri əlində
şüvül qaça-qaça bizə sarı gəlir. Onun arxasınca da Nərgiz Xala gəlir. Heç bilmədik
bunlar birdən-birə haradan tapıldılar. Mən tü-dabana qaçdım, Mahmud da ağacdan
atılıb qaçmaq istədi, ancaq ayağı ilişdi ağacdan yerə düşdü. Bir az uzaqda durub
Mahmud'u gözlədim, istədi ayağa qalxsın, amma qalxa bilmədi, 'vay qıçım,' deyə
qışqırdı. Elə bu anda kişi onun başının üstünü kəsdi, istədi onu əlindəki
şüvüllə vursun, amma ondan sonra yetişən Nərgiz Xala qoymadı. Kişi qışıqırdı, 'əl
çək arvad, qoy bunu bir ədəb eləyim.' Şüvülü qaldırdı onu vursun, birdən Nərgiz
Xala qışqırdı, 'ay kişi bəyəm görmürsən qıçından yapışıb, bəlkə qıçı sınıb.'
Ancaq Kişi qadının sözünə baxmayıb onu itələdi. Qadın yerə yıxılıb bayıldı,"
deyib Əhməd, heyvasından ikinci dişi qopartdı.
Artıq biz də yavaş-yavaş gülməyə başlamışdıq.
"Hə, kişi əl-haya qaldı, bir tərəfdə
ağrıdan qıvrılan Mahmud'a baxırdı, şüvülü qovzayırdı vursun, bir də dönüb o
biri tərəfdə bayğın düşən xanımına baxırdı. Mən də ki qaçıb-qaçmamaq arasında
qalmışdım. Sonunda kişi bağdakı köməyə sarı qaçdı, əlində bir qab su ilə
qayıtdı, suyu qadının üzünə çilədi, onun başını qaldırıb bir az su içirtdi.
Sonra dönüb Mahmud'a qəzəblə baxdı. Nərgiz Xala özünə gələndən sonra daha qoymadı
əri Mahmud'u döysün. Bu səhnəni gördükdə mən də qorxa-qorxa qayıdıb gəldim
dörd-beş metir arayla dayandım. Mahmud'un ayağı çıxmışdı. Kişi dönüb mənə də əyri-əyri
baxdı, əlindəki şüvülü mənə sarı tulazladı. Bir az geri çəkildim, Nərgiz Xala
dedi, 'ay kişi, burax da, iki dənə meyvənin nə dəyəri var ki!' Kişi Mahmud'a
dedi, 'qoy mən sənin atavı görüm, ipivi eşəcəyəm. Mənə də dedi, 'gəl götür bu
oğlanı, itilin buradan!' Çəkinə-çəkinə ora gedib Mahmud'un qoltuğu altına
girdim, Mahmud səkə-səkə birlikdə oradan uzaqlaşdıq, hələ maraqlısı bu idi ki, dərdiyimiz
meyvələri də özümüzlə gətirdik," dedi Əhməd, sonra heyvanın toxumlarını da
çıxardıb ağzına atdı.
Əhməd'in nağılı bitəndən sonra Yaşar qalxdı
bir neçə günəbaxan toxumu, bir az da qoz gətirib bir sininin içinə tökdü.
"Yeyin, çırtlayın, bu gecə yaman yağ
yandırırıq ha!" deyib güldü.
Yeyə-yeyə, çırtlaya-çırtlaya birdən üçü də
döndülər mənə baxdılar. Xatirə tə'rifləmək sırası mənə gəlib çatmışdı. Mırtağa'nın
çıxışından öncə məclisi qızışdıran son adam mən olacaqdım. Əhməd'in xatirəsindən
sonrakı yaranan sözsüzlüyün yerini günəbaxan toxumunun ağzımızdakı çırtıltısı
doldurmuşdu.
"Babam deyərdi ki, bu Aslan Əmi'nin atası
Qəhrəman Əmi çox sadə bir kişiymiş, özü də zarafatcılmış. Qəhrəman Əmi bağçıymış,
amma bağının çoxu çaylaqmış, çay daşanda basıb onun bağının arasından geçərmiş.
Qəhrəman Əmi deyərmiş sağ olsun çayı, qoymur biz darıxaq, hərdən bizi bu taya
geçirdir, hərdən də o taya. Şah zamanı Təbriz'dən şəhər qaraqolunun başçılığına
bir yüzbaşı göndərmişmişlər. Çox zəhimli bir adammış, hamı yüzbaşı Cabbar'dan
qorxarmış, hətta şəhərin böyükləri, ağsaqqları. Hər kimin işi qaraqola düşsəymiş,
heç olmasa döyülməyi göz qabağına alarmış. Bir gün bu yüzbaşı evinə gedirmiş,
yolda Qəhrəman Əmi'yə rast gəlir, Qəhrəman Əmi meyvəni təlisdə kürəyində
daşıyırmış. Bu vəziyəti görən yüzbaşı Cabbar Qəhrəman Əmi'yə acıyır. Deyir 'ay
qoca, niyə bir eşşək almırsan yüklərivi ona çatasan?!' Onun bu sözünü məhəbbətli
sanan Qəhrəman Əmi gülümsünərək deyir, 'Allah'a şükür hələ ayaqdan düşməmişəm,
Allah canınızı sağ eləsin, elə sizin sağlığınız mənə eşşkədir də.' Bu sözü eşidən
yüzbaşı birdən qeyizlənib qışqırır, Qəhrəman Əmi'ni yamanlayır. Yanındakı gizirə
deyir, 'tutun aparın bu sarsağı, baş-gözünü ovuşdurun.' Qəhrəman Əmi'ni tanıyan
gizir deyir, 'bu qocanın sözünü özünüzə almayan, qurban. Sadə kişinin biridir,
şəhərdə hamı bunu tanıyır, sözləri heç kimin ürəyinə dəyməz.' Nəhayət gizirin
orada olması Qəhrəman Əmi'nin qanının arasına girir," dedim.
Yoldaşlarımın gülüşməsinə mən də qatıldım.
Qasım, "Ağzın şirin olsun, çox güldük,"
dedi.
Əhməd, "Onda Mırtağa zarafatcıllıqda elə
babasına çəkib!" dedi.
Artıq, toxum da qoz da tükənmişdi, meyvə qabı
boşalmışdı, çaynikdə də sadəcə tilif qalmışdı. Yaşar saata baxdı, gecə yarını aşmışdı,
amma hələ Mırtağa'dan xəbər yox idi.
Əhməd, "Bə bu Mırtağa gəlib çıxmadı, ay
bala!" deyib Yaşar'a baxdı.
Yaşar, "İndi tapılıb gələr," dedi.
Bir azdan telefonunu götürüb Mırtağa'ya zəng
elədi, hamımız ona baxdıq. Neçə yol Mırtağa'nın nömrəsini yığdı, amma cavab
çıxmadı.
"Telefonunu açmadı," deyib bizə
baxdı Yaşar.
Qasım, "Əşi, boşla, bu gecə elə yaxşı
güldük. Sanıram daha Mırtağa'lıq bir şey qalmayıb, inanmıram o bizi daha güldürə
bilsin. Bizi güldürmək üçün gərək bir ilin gücünü bir gecədə xərcləsin,"
deyib güldü.
Əhməd, "Hə, Qasım düz deyir," dedi.
Yaşar'ın halı pozulmuşdu, bu sözləri eşitdikdə
bir az üzü güldü.
"Eybi yoxdur, gəlməsin, elə bu gecə
Mırtağa'nın kölgəsi altında bura yığışdıq, sən Mırtağa'ya pul verdin, onun ruhu
gəldi bizi burada güldürdü. Neçə ildən sonra gündəlik həyatın içindən bu gecəni
oğurlayıb bir araya gələ bildik, birlikdə deyib-güldük. Gəlin Mırtağa'nın
canına dua eləyək. Həmişə onun kölgəsi bizim yığvamızın üstündə olsun! Bundan
sonra ildə bir dönə buraya toplaşıb deyib güləcəyik," deyib güldüm.
Comments
Post a Comment