BABƏK'DƏN SONRA
O gün mənim
parçalanıb satıldığım günüydü. Neçə kişi bizi görməyə gəldi. Onların
danışığından başımıza nə gələcəyini sezdim. Birindən başqa, o günəcən heç
birini görməmişdim. Əfşin'i qabaqlar neçə dəfə Babək'in yanında görmüşdüm.
Geçmişdə kəndə gələndə göl gəzintisinə çıxarkən neçə yol bizimlə gəlmişdi. Çox
danışırdı, Tehran'da yaşadığından, xarici ölkələri gəzdiyindən, Xəzər'in
sahilindəki vilasından. Hətta bir dəfə məni Babək'dən satın almaq istəmişdi.
Əfşin'in
yanında iki ayrı kişi də var idi, ortayaşlı görünürdülər. Saqqallısı işçi
paltarı geymişdi, bığlısının əynində isə Əfşin kimi qara pencək-şalvar var idi.
Yuxarı çıxıb üstümdəki otaqcığa, onun içindəki sükkana, iki sıralı qoşa
oturacaqlara, dolaba, güzgüyə göz dolandırdılar. O yan bu yanımı yaxşıca incələdilər.
Sonra yerə enib, həndəvərimdə gəzinərək, eşikdən də üz-gözümə baxdılar. Saqqalısı
üzünü o biri kişiyə çevirdi.
"Hə, nə
deyirsiz, ağa Sasan?"
Sasan hələ də mənim
üz-gözümə baxırdı. Əfşin'sə gözünü onların ağzına tikmişdi. Ağzı açıq qalmışdı.
Kişi, Sasan'ın
cavabını gözləmədi. "Məncə yaxşıdır, bu qayığın dəmir-dümürü Təbriz'də
yaxşı pula gedər," dedi. Ağzı-gözünün suyu axdı.
Əfşin, "elədir,
Kazım düz deyir," deyə Sasan'a yaxınlaşdı.
Sasan, "hə,
yaxşıdır. Gedək o biri qayıqlara da baxaq," dedi.
Məndən uzaqlıqda bir sıra kiçik qayıq da var idi. Neçəsi
dəmirdən, neçəsi də ağacdan idi. Hamımız duza batıb qalmışdıq. Aramızda fasilə
çox idi, səsimiz birbirimizə aydın çatmırdı. Əlbəttə uzaqdakı iki ağac qayıq
birbirinə yaxın idi. Sanıram danışa bilirdilər. Bir tərəfdə də iki dəmir qayıq
dörd-beş metir arayla dayanmışdı. Onlar da hərdən uca-uca birbiriylə
danışırdılar. Amma uzaq olduqlarına görə sadəcə gürültüsü gəlib çatırdı mənim
qulağıma. Görünən yerlərdə sudan xəbər yox idi, təkcə çox uzaqda, gözün görə
biləcəyi üfüq xəttində, günəşin batdığı yerdə suya bənzər nəsə hərdən
parıldayırdı. O da ılğım idi mən biləli. Bir tərəfdə də kənd qalmışdı. Kənddə kimin
olub-olmadığını bilmirdim. Sulu günlərdə hər gecə kəndin iskələsində dincələrdim,
o biri qayıqlarla birlikdə kənddən xəbərim olurdu. Amma çoxdan idi kəndə
yaxınlaşa bilməmişdim. Sadəcə hərdən bə'zi adamların səsini, maşın, motur
qıjıltısını eşidirdim. Son günlərdə böyük maşınların gürültüsü çoxalmışdı.
Ordakı
qayıqların bütün günləri birbirinə bənzəyirdi. Babək'in gəlmədiyi ilk ayda hələ
ayağımızın altında bir az su var idi. Dodaqlarımız qurumamışdı. Amma o ilki
isti yay günlərindən sonra hər nə qurudu. Günəş çıxandan batanacan hər yer
ağappaq parıldayırdı. Gözümüz qamaşırdı. Daha axşam düşəndə də gözümüz
qaralırdı. Gecələr də ki quru yerdə yatmaq olmurdu. Soyuq olurdu. Hələ duz, pas
kəsmiş yerlərimizə dəyəndə, göynərtidən gözümüzün ışığı çəkilirdi. Hərdən yağış
yağırdı, çala-çuqquru doldurudu, quşdan-zaddan gəlib su içib gedirdi. Hərdən də
yel əsirdi, toz qopurdu. Gəlib-gedən yox idi.
Babək'dən xəbərsiz
qaldığımın bir ili ötmüşdü. Heç belə deyildi, göl gəzintisinə daha çıxa bilməyəcəyimiz
ilk gün mənə, heç olmasa iki gündən-bir gəlib dəyəcəyini demişdi. İlk aylarda
elə gəlib baş vururdu mənə, sonralar neçə gündən-bir oldu. Deyirdi bağışla, hərdən
uzaq şəhərlərə yük düşür, ona görə də neçə gün kəndə gələ bilmirəm. Ancaq gəlmədiyi
günlər bir həftəni ötmürdü. Amma indi bir ildən çox idi gəlməmişdi. Hər dönə gələndə
mənim üst-başıma baxırdı, silib-süpürüb təmizləyirdi. Üstümdə hər yerin qırmızı
boyası tökülmüş olsaydı, yerini sumbata ilə sürtüb, yenidən boyayırdı. Hər gəldiyində
heç olmasa mənim yanımda bir çay qoyub içirdi. Birlikdə geçirtdiyimiz əski günlərdən
danışırdı. Sonra gedib yaxındakı bütün qayıqlara yetişirdi. Hərdən-bir onların
da üst-başına əl çəkirdi.
Gedib
qayıtmadığı gündən bir gün öncə bura gəldi. Axşam üstüydü. Həmişəki Babək
deyildi. Tutqun görünürdü. Öncə qabağımdakı duz dikkəsi üstündə oturdu.
Susmuşdu. Bir azdan nəsə mızıldamağa başladı. Sonra səsini ucaltdı. Eşitmədiyim
bir mahnını oxuduğunu başa düşdüm. Məndə o günəcən yaşamadığım bir duyğu
yaratdı, sevmədiyim bir duyğu. Ürəyim sıxıldı. İki saata kimi orda oturdu.
Sonra durub gəldi içəri. Sükkanın üstündəki güzgünün önünə geçdi. Güzgünün
qarşısına geçəndə, mənimlə danışacağını, dərdləşəcəyini bilirdim. Sanki mənim
göz-qulağım güzgünün içindəydi.
"Mən neçə
günlük bir səfərə çıxıram. İsfahan'a aparacağım bir yük var. Sanıram uzaqbaşı həftə
sonuna qayıda biləm," deyərək güzgüyə baxdı.
"Eləyə
bilsəm əmimgilə də baş vuracağam. Özün bilirsən ki!"
Hə, bilirdim. Mənə
neçə yol əmisi qızı Elnaz'dan danışmışdı. Uşaqlıqdan bir böyüdüklərini, gündə
birbirinin evinə getdiklərini demişdi. Qoşuymuşlar. Elə bu sayaq böyüdükcə
yavaş-yavaş aralarında sevgi yaranmışdı. Diplom alandan sonra Elnaz
bilimyurdunda oxumaq üçün Urmu'ya getdi, amma Babək daha dərsin ardını
tutmayıb, işə girişdi. Qayıq üstündə atasının yanında işə başladı. Əlbəttə
ondan öncə də Babək atasıyla tez-tez gələrdi mənim yanıma. Amma məni atası sürərdi.
Ancaq atası öləndən sonra Babək onun yerinə geçdi. Bir müddət sonra əmisigil kənddən
köçüb Urmu'ya getdilər. Elnaz dərsi bitirdikdən sonra əmisigil ordan Tehran'a köçdülər.
"İstirəm
görəm sözü nədir. Belə ki olmaz! Neçə ildir avara qalmışıq. Məni istəmirsə,
üzümə desin. Daha gizlənpaç oynamaq nəyə lazımdır!"
Sonra məndəki vəsailini
toplamağa başladı. Atasının çərçivələnmiş fotosu, gündəlik dəftəri, bir neçə
kitab. Hamısını şələ çantaya yığıb bir bucağa qoydu. Çıxıb otaqcığın qabağında
oturdu. Bir papruz alışdırdı. Birinci dönəydi papruz çəkdiyini görürdüm. Hər
dönə çay dəmləyib içərdi, amma bu səfər çaydan xəbər yox idi. Heç çayniyin tərəfinə
də getmədi. Papruzu qurtaranacan orda oturdu, sonra yenə qayıdıb otaqcığın içinə
gəldi. Qayıqçının oturacağında oturub, çantasından dəftəri çıxartdı. Onu
varaqladı. Səfələrindən quru bir xışıltı səsi çıxdı. Dəftərə baxa-baxa Babək'in
üzü güldü.
"Qulaq as,
Qızıl Durna, gör bu günü xatırlayırsan. Bugün bir təzə bəy-gəlinlə göl gəzintisinə
çıxdıq. Pejman, Solmaz. Deyirdilər Tehran'dan gəliblər. Geçən həftə
toylarıymış. Oğlan ucaboy idi, qız da dörd-beş barmaq ondan alçaq olardı. Pejman
bir az qaraşın idi, amma Solmaz çox gözəl idi. Balayına çıxmışdılar.
Üst-başlarından bir az varlı adama oxşayırdılar. Bir saatın yerinə onları iki
saat dolandırdım. Sağ olsun Qızıl Durna'nı, bizi yaxşı gəzdirdi, həmişəki kimi.
Oğlan deyirdi yoldaşlarının ismarıcı ilə bura gəliblər. İki günlük gəlmişdilər.
Kənddə bir otaq kiralamışdılar. Üç gündən sonra onları kənddə gördüm, iki günləri
beş günə dönmüşdü. Dedilər buranı çox bəyəndik, səssiz, havası xoş, gəzməli
yerdir, yenə gələcəyik. Yadına mı?"
Hə, yadımdaydı.
O gün mənim üçün də unudulmaz bir gün idi. Amma onları bir daha burda görmədim.
Yenə dəftəri
varaqlamağa başladı. Dəftərin sonuna yaxınlaşa-yaxınlaşa gözlərinə başa düşə
bilmədiyim bir baxış çökdü. Varaqlamadı. Bir səfəyə göz tikdi. Nəsə pıçıldadı.
Sanıram səfəni oxuyurdu. Nə oxuduğunu anlaya bilmədim. Pıçıltısı bitəndən sonra
köksünü ötürərək dəftəri bağlayıb çantaya qoydu. Ayağa qalxdı. Otaqcıqdan eşiyə
çıxdı. Üstümdən aşağı atıldı. Həndəvərimə dolanıb, hər yerimi gözdən geçirtdi.
Sonra baxışını mənə zillədi. Önümdə durdu. Gözündən süzən bir damla yaşı
barmağının ucuyla sildi.
"Qayıdacağam,
gözlə məni, Qızıl Durna!" deyib kəndə sarı yolunu aldı.
Ayışığında uzaqlaşırdı,
hərdən qanrılıb mənə baxırdı. Kürəyindəki çanta atılıb-düşürdü. Xeylək
uzaqlaşdı, amma mən hələ də ona baxırdım. Sonda kəndin qayıqsız iskələsindən
sovuşub gözdən itdi.
Səhər
açılıb-açılmamış kəndin iskələsindən bir minik maşını ilə bir yük maşınının bizə
sarı gəldiyini gördüm. Çox çəkmədi gəlib qayıqların buraxıldığı yerə çatdılar.
Minik maşınından Əfşin endi, yük maşınından da Kazım bir neçə ayrı kişiylə
endilər. Hay-küy düşdü.
"Hə, elə
bu qırmızı qayıqdan başlayın. Dəmirkəsənlə bir-bir onları parçalayın,"
Kazım dedi.
Fəhlələrdən üçü
yük maşınının dalından uzun bir kəpsul, onun yanında şiləngdən quyruğu olan
tapançaya bənzər bir şey gətirib, mənim yanımda yerə qoydular.
Kazım
qışqıraraq, "otaqcıqdan başla," dedi.
İri gövdəli bir
fəhlə çaxmağı çəkib, şiləngin başındakı məşəli yandırdı. Alovun fışqırtısı birdən
səpələndi. Bir anda isti bir şey boğazıma toxundu. Çırıltı qovzandı, yanıq
qoxusu çıxdı. Boğazımdan ətrafa ışıltı dirəkləndi. Bütün gövdəmi qızdırma
bürüdü.
Mən bu
rahatlığa bunlara can verəsi deyildim. Dayanacaqdım, dayanmaqda qərarlıydım.
Fəhlə, "nə
qalın dəmiri var, mirasa qalmışın!" deyə qoruldandı.
Məni kəsən fəhlənin
gözündə qara gözlük var idi. Alnından tər axırdı.
Kəsilməkdəykən Kazım'ın Əfşin'ə yaxınlaşdığını gördüm.
"Bu qayıq
hamısından böyükdür, deyəsən," dedi Kazım.
Əfşin, "hə,
o birilər kiçikdir. Babək indi diri olsaydı, dədəmizi yandırardı. Qayığını gör
nə günə qoyduq," deyib şinidi.
"Yiyəsini
tanıyırdın?"
"Hə,
uşaqlıq yoldaşım idi. Göl quruyandan sonra qayıqla işləyə bilmədi. Bir vanet
alıb yük daşımağa başladı. Eşitdiyimə görə Tehran'dan qayıdanda maşını yoldan
çıxıb aşmışdı."
"Hə, yazıq,
cavan ölüb!.. Tərpənin uşaqlar. O biri qayıqların da işini qurtarın,
günortayacan dəmir-dümür bazarında olaq."
Bütün gövdəmi
yanğın çulğaladı, içimdə əriməyə başladım, dirəncimi itirdim. Gözlərim qaraldı.
Ömrümdə dadmadığım ağrılar tökülüşdü üstümə. Əyləc cırıltısı qovzandı, Babək'in
səsi gəldi. Qayıq qalmağımdan utandım.
Özümə gəldikdə
beş-altı parçaya bölündüyümü gördüm. Fəhlələr parçalarımı maşına yükləməyə
başladılar. Kazım uca-uca danışaraq fəhlələrə göstəriş verirdi.
Yük maşını
bağıra-bağıra yola düşdü. Maşının arxasınca toz qopurdu. Parçalarım birbirinə dəyib
taqqıldayırdı.
Bugün mənim
parçalanıb satıldığımın bir ili doldu.
Comments
Post a Comment