YARĞILAMA

 

Qız bəzək masasının qarşısında dayanıb, onun üstündəki böyük güzgüyə baxdı. Orada bəzəkli, qaşları çatılmış bir qız var idi. Arxasında açıq göy rəngli pərdələr asılmış bir pəncərə görünürdü.

Qız, “Bugün onu görməsəydim, sabahdan bu oğlana sevgilim deyəcəkdim,” deyə düşündü. “Niyə ora getdim, nədən onu gördüm? Axı, nədən onu sevdim?! O da kim idi mən sevdim!”

Qaşları çatıldı.

“Heç bilmirəm onu sevdim mi, sevmədim mi?! Mən ondan telefon arxasında ayrıldım.” Gözləri yumuldu.

“Ayrılarkən, mənə demişdi ayrılığın nə olduğunu. Mənsə onda heç anlamamış-dım bunu. Dedim ayrılıqdır da, nə olacaq ki!” Qaş-qabağını turşatdı.

“Əh, bu nə axmaq fikir, belə! Nə sevmək, nə ayrılıq, nə o?! Heç bilmirəm bu fikirlər necə gəldi beynimə?!”

Nəfəsini dərdi bir azcıq.

“Yox amma, onu sevməsəydim, nədən bəs bugün ayrılıq hissi bürüdü məni?! Heç bilmirəm ki! Amma bu oğlan nə?! Evlənəcəyim bu təzə oğlan? Tam istədiyim birisi. Onda tapa bilmədiyim bütün şeylər bu oğlanda var,” gülümsündü.

“Amma nədən onu gördüyümdə belə oldum?! Bir şeyi itirmiş kimi bir hissə qapıldım! Çaşdım a! Bu nə iş?! Mən ki ona, səni sevmirəm, çıx get dedim! Mən ki ondan çox rahat ayrıldım, özüm istədim!”

Dirsəyini masaya söykədi.

“Mən ki ondan ayrılmaq üçün çox yaxşı və sarsılmaz səbəblər toplamışdım! Onu çox güclü səbəblərlə məhkum etdim! Daha nəyi axtarıram?! Nədən belə incimiş oluram?! Yox, yox, səfeh duyğulara qapılmışam. Onun qarası basıb məni. Mən hara, onu sevmək, ona qəribsəmək hara?! Mənim kimi birisi onun kimi bir məhkumu necə sevə bilər ki?!!!”

Yerində bir qımıldandı.

“Yox, yox, mən bu oğlanı sevirəm. Bu hara, o hara?! Amma onu görüncə nədən belə oldum?! Yoxsa onu ... Yox, yox, yox!!! Mən bu oğlanı sevməliyəm. Bu da çıxıb getsə, nə olar?! Neylərəm?! Yox, yox, onu heç sevmirəm. Tutalım onu sevirdim, ya indi də sevirəm, nə olsun ki? Onu düşündükdə, bilmirəm, nədən belə oluram?!”

Üzü qızardı, əlləri titrədi.

“Yox, onun sevgisi adamı birtəhər edir. Ondan uzaqda, adamı ayrılığın qarası basır, ürəyim sıxılır. Amma buna fikirləşəndə heç birtəhər olmuram. Hətta ayrılsam da bir şey olmur,” dodağı qaçdı.

“Hə, oldu, bu çox yaxşı oğlandır. Nə sevgisi adamın içinə işləyir, nə adamı zəhmətə salır, nə də ayrılığı qorxunc olar ... Amma onunla neyləyim mən?! Bu ayrılıqdan özümü bir təhər qurtarmalıyam.”

Köksünü ötürdü.

“Amma o varkən, mən varkən, ayrılıq da olacaq. İkimizdən biri olmamalıdır!”

Diksindi.

“Yox, olmaz, mən olmalıyam, qalma-lıyam, yeni birisini tapmışam, sabahdan sevgilim olacaq! O olmamalıdır, onun olmağı nəyə lazım?! Mən istədiklərimi ondan almışam. Daha ona ehtiyacım yox. Amma o varkən, ayrılıq da sürəcək. O olmamalıdır, ayrılıq bitməlidir. Mən niyə ölüm ki?! Bu iş məhkumlarınkıdır. Onu ...”

Qızın bənizi güldü!

Comments

Popular posts from this blog

تانیش یاد

اوْلوم‌لا اؤلوم آراسی