ATAM
Yuxudan
oyandım. Pərdənin arasından ışıq zolağı gözümə düşmüşdü. Elə bil çox yatmışdım.
Başımda bir az ağırlıq var idi. Dünən gecə yatanda atamın oxuduğu mahnını açıb
yatağa girdim. Mahnını dinləyə-dinləyə yatdım.
***
"Bu
dağı bağ eylərəm,
Ay
bülbüllər,
Yanını
çardaq eylərəm,
Ay
bülbüllər,
Desələr
yarım gəlir,
Ay
bülbüllər,
Yolunu
çıraq eylərəm,
Ay
bülbüllər..."
***
Çoxdan
idi atamın səsinə qulaq asmamışdım. Atam "Ay Bülbüllər" mahnısını çox
sevirdi, sazlı-sözlü qohumlararası yığıncaqlarımızda elə onu oxuyardı. Mən də onu
uşaqlıq illərindən öyrənməyə, oxumağa başladım.
Cibtelefonumu
atama zəng etmək üçün götürdüm. O tezdən oyanırdı. Hələ səsim yuxuluydu. Səsimi
eşitcək deyəcəkdi:
"Yuxudan
təzə durubsan?!"
Mən
də, "yooox, bir az olar!" deyə cavab verəcəkdim.
Sonra
atam, "hə, düz deyirsən! İnanmayan daşa dönsün!" deyib, qaqqıltıyla
güləcəkdi.
Cibtelefonumda
atamın şəklinə toxundum, siqnal səsi gəldi, gözlədim, açan olmadı. Bəlkə
telefonu yanında götürməmişdi. Axı, hərdən onu evdə unudurdu.
Bir
azdan atam zəng etdi. Telefonu açdım. Tutqun bir səs danışdı:
"Salam,
o nömrədən mənə zəng eləmişdilər. Mənimlə işiz var idi?"
Tanımadığım,
yad bir kişinin səsiydi.
"Salam..."
dediyimdə birdən atamın bildir öldüyü yadıma düşdü. "Yooox, bağışlayın,
yanlışlıqla sizə zəng eləmişəm," deyib telefonu kəsdim.
Necə
olmuşdu atamın öldüyünü büsbütün unutmuşdum?! Onun telefon nömrəsini
silməmişdim, saxlamışdım, amma öldüyü gündən bəri heç bir dəfə də zəng
etməmişdim.
Atamın
nömrəsini başqa birinə satmışdılar!
***
Dünən
gecə yatmamışdan qabaq atamın ən yaxın yoldaşı, Kərim Əmi mənə zəng etdi. Atamın
ölümü onu çox üzmüşdü.
Kərim Əmi,
"Əhməd'in ölümünü sindirə bilmirəm. Bilirsən, o mənim ən yaxın yoldaşım
idi. Hər sözümü ona deyə bilirdim." deyib, telefon arxasında bir az
duruxdu.
"Bilirəm,
Kərim Əmi."
Yenidən
danışmağa başladı. Səsi bir az tutqunlaşmışdı.
"Rəhmətlik
çox vaxt dükana gələrdi, oturub danışardıq. Bilirsən də, biz uşaqlıq yoldaşı
idik, məhəllələrimiz birbirinə yaxın idi. Elə birlikdə böyüdük. Analarımız da
yoldaş idi."
"Atam
da sizi özünə lap yaxın yoldaş bilirdi. Sizdən bizə çox danışardı."
Kərim Əmi
köksünü ötürdü, sonra boğazını arıtdı.
"Hə,
bilirəm. Mən heç kimə deyə bilmədiyim sözləri Əhməd'ə deyərdim. O da hər sözümü
hövsələ ilə dinləyərdi."
Telefondan
kibrit çırıltısı gəldi, sanıram Kərim Əmi siqaret alışdırırdı. Sonra piləmək
səsi eşidildi, ardından səssizlik oldu.
"Allah
sizə uzun ömür versin. Mən də atamla yoldaşdım, onunla çəkinmədən danışardım,"
deyib səssizliyi pozdum.
Bir az
udqundum. Artıq, nə deyəcəyimi bilmirdim. Kərim Əmi də susmuşdu. Sanıram
siqaretini bitirmək istəyirdi. Nəfəslərinin səsini eşidirdim.
"Ürəyim
sıxılanda Əhməd'in qəbri üstə gedirəm. Oturub onunla danışıram, dərdləşirəm. Başının
üstündə də bir heyva ağacı əkmişəm," deyib güldü. "Əhməd heyvanı çox
istərdi. Atan gedəndən sonra tək qalmışam, sirdaşım yox, ürək sözümü heç kimə
deyə bilmirəm. Mən çox..."
Kərim Əmi
hıqqıldadı, hönkürə-hönkürə ağlamağa başladı. Mənim də boğazımı qəhər tutdu.
"Ağlama,
Kərim Əmi," deyə onu ovundurmağa çalışdım, ancaq o hıçqıra-hıçqıra
telefonu kəsdi.
Atamın
ölümü yenidən canlandı gözlərimin önündə, ona Kərim Əmi'nin ağlamaları da qarışdı,
gözlərim yaşardı. Atamın duvardakı şəklinə baxdım, uzaqlara baxırdı, üzündə
gülüş var idi.
Yatağa
uzandım. Cibtelefonumdakı oxuduğu mahnını açıb, gözlərimi yumdum. Atam oxumağa
başladı:
"Bu
dağı bağ eylərəm,
Ay
bülbüllər,
Yanını
çardaq eylərəm,
Ay
bülbüllər,
Desələr
yarım gəlir,
Ay
bülbüllər,
Yolunu
çıraq eylərəm,
Ay
bülbüllər..."
Mahnını dinləyə-dinləyə gözlərim ağırlaşdı. Atam elə oxuyurdu sanki heç ölməmişdi.
Comments
Post a Comment