ÇAPIQ

1

Qar yağırdı. Kişi, meydanın girişində dayanıb, həndəvəri gözdən geçirtdi. Meydanın sağ tərəfində iki gənc, çəlləyin içində od qalamışdı. Oğlanlar hərdən yeşikdəki kağızlardan götürüb oda atırdılar, od bir az alovlanırdı.

"Altmış il bundan qabaq da elə orda od qalamışdılar," özü özünə deyib, gözünü oda zillədi kişi...

 

2

Məktəbli uşaqlar tonqalın önündə sıra ilə düzülmüşdülər. Arxada da böyüklər dayanmışdı.

"Sırayla gəlin kitablarızı atın oda," deyərək, tez-tez bağırırdı uniformalı qara kişi. "Əlahəzrət'in əmridir, Türkü kitablar bugündən daha heç kimə lazım deyil, hamısı yandırılacaq!"

Uşaqlar bir-bir gəlib, kitablarını tonqala tulazlayıb, bağıran kişiyə gözaltı baxıb tızıxırdılar. Yanmaqda olan kitablardan qalaq düzəlmişdi.

Sıra ona gəlib çatdı. Gözləri səyriyə-səyriyə, “a-a-atmıram," deyib, udquna-udquna kişiyə baxdı. "Mən bu kitabları çox sevirəm!”

Qara kişi, “kəs səsivi, küçüyün biri küçük! Qoduqlanma!” deyib, şapalağı uşağın qulağına endirdi.

Uşaq yerə yıxıldı, başı pillənin tininə dəydi, alnı yarıldı, qan elə axdı ki!

Atasının səsi qovzandı:

“Uşağı niyə vurursan, ay qorxaq gedə! Gücün uşağa çatır?!”

Sonra savaşma səsi yüksəldi. Tappıltı, şappıltı, söyüş səsi tonqalın çırtıltısına qarışdı.

“Qaraş! Qaraş! Nə oldu sənə?!” deyən anasının səsi dəydi qulağına.

Oğlanın gözləri qaraldı. Başının üstündə tonqalın iyi, tüstüsü, adamların qaraltısı fırlanmağa başladı...

 

3

Qaraş, əliylə alnındakı çapığa toxundu, yaranın yeri sızıldadı.

"Altmış il..." deyib köksünü ötürdü.

Gözlərindəki iki damla yaşı silib yola düşdü.

Comments

Popular posts from this blog

تانیش یاد

اوْلوم‌لا اؤلوم آراسی