Olumla Ölüm Arası
Oğlan ayağa qalxdı, gözünə görünən qaraltının qarşısında dayandı.
"Necə
olur olsun, mən bu işi bitirəcəyəm, səndən ayrılacağam!"
Bir
az gözlədi, qarşısındakı qaraltı heç nə demədi.
"Hə,
deyəsən, deməyə sözün yox! Özün də suçlu olduğunu məndən daha yaxşı
bilirsən."
Pəncərənin
arxasına geçdi, eşiyə baxdı, qaranlıq idi, küçədə yalnız paxla-çuğundur satan
kişi var idi, hamı evinə çəkilmişdi.
Bir
siqaret alışdırdı, dərindən somurub tüstüsünü hirslə pəncərənin şüşəsinə pilədi,
tüstü şüşəyə dəyib onun üzünə sarı qayıtdı, pəncərə oğlanın bu işini cavabsız qoymaq istəmədi.
Küçədəki
paxla-çuğundur satan yaşlı kişinin yanında çuğundur yeməyi çox istəyirdi, ancaq
indiyəcən gedib yeməmişdi, kefinin kök olduğu günü gözləyirdi.
Bu
son aylarda darıxması lap çoxalmışdı, bütün işlərini yarımçıq görürdü, hətta
neçə dönə dərsi də yarım qoyub bilimyurdunu buraxmağı düşünmüşdü, ancaq
ata-anasından çəkindiyinə görə bu işdən hələlik vaz geçmişdi. Yaxın
yoldaşlarından biri bildir dərsi buraxmışdı.
Arxası
otağa sarı, eşiyə baxa-baxa yenidən danışmağa başladı.
"Hə,
bayaqdan susubsan, heç nə demək istəmirsən?!"
Çiyni
üstündən otağın içinə baxdı, alaqaranlıq idi, gözü oradakını yaxşı seçmirdi.
"Səni
görməyim deyə gedib o qaranlıq yerdə gizlənmisən, yaxşı iş görübsən, mən sənin
yerində olsaydım, utandığımdan ölərdim. Adam da birinin gününü bu qədər
qaraldar?!"
Yenidən
eşiyə baxdı, paxla-çuğundur satan kişi hələ də oradaydı, qabağında bir maşın
saxladı, bir kişi enib bir az paxla aldı, sonra maşına minib getdi, paxla
kişinin əlində buğlanırdı.
Oğlanın
qarnı quruldadı, birdən yadına düşdü, səhərdən heç nə yeməmişdi. Səhər çağı
yuxudan oyananda ilk öncə ac qarnına bir siqaret çəkmişdi, sonra çaydanı
qaynamağa qoymuşdu, qəlyanaltı yemək istəmişdi, ancaq evdə çörək olmadığına
görə vaz geçmişdi. Sonra quru çaya döşənmişdi, bir neçə çay və siqaretlə
qəlyanaltını sovuşdurmuşdu. Günortaya da dünəndən qalmış biskvitdən bir diş
yemişdi, artığını könlü çəkməmişdi.
Duvardakı
saata baxdı, gecə yarısına qırx dəqiqə qalırdı, bir azdan vaxtı bitəcəkdi, on
ikiyəcən hər nəyi çözməli, bu qərarsızlığına, ruh didərginliyinə son
qoymalıydı. Bu vəziyətdən yaranmış yorğunluq onu yıxmaqdaydı.
Pəncərənin
qabağında dayanmaqdan yoruldu, əlindəki siqaret kötüyünü pəncərənin
taxçasındakı külqabıda söndürüb yaxındakı oturacaqda oturdu.
"Mənə
nə gəlib?! Niyə bu vəziyətə düşmüşəm?! Bu fikir haradan gəlib beynimə
girdi?!" deyə düşündü.
Arxasını
otağın içinə sarı çəvirmişdi, artıq o yana baxmırdı, otağın o bölməsinə
baxmaqdan qaçınırdı. Evdə olanda vaxtını otağın orasında geçirərdi, yazı
masası, bilgisayar, boy güzgüsü oradaydı.
Ata-anasından
ayrılandan sonra bu kiçik apartmanı kiralamışdı, bir yandan dərs oxuyub bir
yandan da işləyirdi. Bu son aylarda, daha çox, yatmaq üçün evə gəlir, səhərdən
axşama evin üzünü görmürdü.
Neçə
ay bundan qabaq uşaqlıq yoldaşlarından biri ata-anası ilə dalaşıb, evlərindən
çıxıb bunun yanında gəldi. Ruhi vəziyəti darmadağın idi, on günə yaxın
oğlangildə qaldı. Yoldaşı tez-tez özünü öldürməkdən danışırdı, oğlansa onu bu fikirdən daşındırmaq
istəyirdi, ancaq o elə öz sözünü deyirdi. Bir gün yuxudan oyananda onun çıxıb
getdiyini gördü, neçə gündən sonra da ölüm xəbərini eşitdi, özünü asaraq
öldürmüşdü.
Yoldaşının
özünü öldürməsi oğlanı sarsıtdı, bir neçə gün özünü yığışdıra
bilmədi. Sonradan halı bir az düzəldi, ancaq artıq qabaqkı adam ola
bilmədi. İşlədiyi şirkətin batmağa doğru getməsi və axtarıb yaxşı bir iş tapa
bilməməsi əhvalını daha da çox pozdu.
İntiharı
düşündüyünə görə yoldaşını qınayan oğlan artıq özü umudsuzluğa qapıldı və
yavaş-yavaş intiharı düşünməyə başladı. Qara-qara düşünmək onu ayrı bir adama
çevirdi. Qabaqlar hərdənbir siqaret çəkən oğlan artıq gündə bir qutu siqaret
çəkən adama çevrildi. Beləliklə, getdikcə intihar etmiş yoldaşına bənzəməyə
başladı.
Müstəqil
bir ev qurub öz ayağı üstə durmağa qərar verib ata-anasından ayrılmışdı. İlk
aylarda çətinlik çəksə də, verdiyi qərardan dönmədi, hətta sıxıntıya düşüb
umudunu itirən tanışlarına, yoldaşlarına umud qaynağı oldu. Ancaq sonradan iş
vəziyətinin pisləşməsi, borca düşməsi, uğursuz bir sevgi macərası yaşaması onun
gələcəyə baxışını qaraltmağa başladı.
Yenidən
ayağa qalxdı, eşiyə baxdı, çuğundurçu kişi oradaydı hələ, müştərisi yox idi.
Qayıdıb otağın alaqaranlıq yerinə sarı yeridi.
"Mən
bu gecə hər nəyi biryolluq qurtarmalıyam, onunla qarşılaşmalıyam!"
Qapıya
sarı gedib ışığı yandırdı, yavaş-yavaş, tərəddüdlü addımlarla yeriyib otağın
ortasındakı boy güzgüsünün qarşısında dayandı, güzgüdə özünü görən kimi
diksinib bir az geri çəkildi. Bənizi solğun, saçları dağınıq, ordu batmış idi.
Neçə gün idi özünə güzgüdə törəli-başlı baxmamışdı. Qabaqlar tez-tez güzgünün
önünə geçər, özünə başdan ayağa baxardı!
"Hə,
yaxşı, səninlə yolun sonuna gəlib çatdıq, yoldaş! Ya ikimizdən biri ölməlidir,
ya da ayrılmalıyıq, hərə öz yoluna getməlidir!"
Masaya
baxdı, siqaret qutusuyla yuxu həbbi qutusu yan-yana dayanmışdı. Həb qutusunu
götürdü, qapağını açıb içinə baxdı, rəngi qaçdı. Onu yerinə qoyub siqaret
qutusunu götürdü, içində bir gilə qalmışdı, onu alışdırdı, bir qullab vurub
masadakı külqabıya qoydu, siqaretin tüstüsü burula-burula tavana sarı
yüksəlməyə başladı.
Yan
evdən birdən uca səslər qalxdı, deyəsən, kişi ilə qadın savaşırdı, deyilən
söyüşləri oğlan aydınca eşidə bilirdi.
"İtin
qızı!"
"Köpeyoğlu!"
Qulağı
söyüşlərin qalanını seçə bilmədi. O biri yandakı evdən uca musiqi səsi
qovzandı, söyüşləri basdı. Musiqinin bəm yerlərində qışqırıqlar anlaşılmaz
şəkildə eşidilirdi. Bu evə daşınalı o evdən neçə yol savaşmaq səsi gəlmişdi,
ancaq bu gecəki savaşmaq qabaqkılardan daha şiddətliydi.
Oğlan
yenidən güzgüdə özünə baxdı, bu dönə daha az diksindi, yeni bənizinə bir az
alışmış kimi görünürdü.
Musiqi
və dava-dalaş gürültüsü beynində cingildəməyə başladı, içindəki səslə eşikdəki
səslər birbirinə qarışdı. İşığı söndürdü, əlləriylə qulaqlarını qapatdı.
Bir
azdan musiqi səsi azaldı, oğlan savaşan ər-arvadın səsini yenidən eşidə bildi,
bir yandan da otaqdakı qaraltıdan gələn səs ucalmağa başladı.
"Bəs
sən özünü öldürəcəkdin?! Nə oldu?!" qaraltı dedi.
Oğlan
o yan bu yana baxdı, səsin sahibini görmədi.
Qadın
qışqırarq, "artıq səninlə yaşamaq istəmirəm!" dedi.
Oğlan,
"özümü öldürmək istəmirəm! Vaz geçdim!" dedi.
Kişi,
"cəhənnəmə ki, gora ki! Yaşama!" deyərək qışqırdı.
"Niyə
vaz geçdin?!"
"Bu
neçə ildə mənim günümü göy əskiyə tutdun!"
"Sənə
dəxli yoxdur, yaşamağı sevirəm!"
"Sən
mənə çox gün verdin!"
"Sən
qorxaqsan, özünü öldürə bilməzsən!"
"Çıxıb
gedirəm bu evdən, artıq, bir dəqiqə də burda qalmaram!"
"Mən
qorxaq deyiləm!"
"Çıx
get, səni saxlayan yoxdur!"
Qapının
çırpılma səsi qovzandı, sonradan da şappıldayan yeyin addımlarla pillələrdən
enin adamın ayaq səsi eşidildi.
Kişi
qapını açıb pillələrə sarı qışqıraraq, "bir daha üzünü görmək istəmirəm,
itil!" deyib qapını çırpdı.
Yenidən
qulaq batıran musiqi səsi yüksəldi.
"Qorxaq!"
qaraltı dedi.
"Kəs
səsini!" oğlan dedi.
"Sən
özünü öldürə bilməzsən!"
"Yum
ağızını!"
Musiqi
səsi bir az da ucaldı!
"Qorxaq!"
Oğlan
birdən külqabını götürüb güzgüyə çırpdı, boy güzgüsü şaqqıltı ilə sınıb yerə
töküldü.
Bütün
səslər kəsildi, səssizlik çökdü. Oğlan ışığı yandırdı, başını dolandırıb otağın
hər yerinə baxdı, kimsə yox idi. Duvardakı saat on ikiyə beş dəqiqə qaldığını
göstərirdi. Dönüb pəncərəyə sarı getdi, eşiyə baxdı, çuğundurçu kişi oradaydı,
əşyalarını yığışdırırdı, evdən çıxan qadının bir taksiyə minib getdiyini də
gördü. Pəncərəni açıb dərindən nəfəs aldı.
"Əmi,
çuğundurdan qalıb?" deyərək pəncərədən çuğundurçu kişiyə səsləndi.
"Hə,
bir az qalıb, yemək istəsən, tez gəl, gedirəm," deyərək cavab verdi yaşlı
kişi.
"Dayan,
indi gəldim."
Oğlan
yuxu həblərini zibilqabıya atdı, sonra paltosunu götürüb evdən çıxdı.
Comments
Post a Comment