TANIŞ YAD
Kafə tünlükdür, boş masa axtarıram,
bütün masalar doludur. Göz gəzdirirəm, kafənin bucağında, yarısı şüşədən olan
duvarın yanında iki adamlıq masada bir qız tək oturub. Masaların arasından
sovuşub ona sarı getməyə başlayıram. Masalardan deyib gülmək səsi, qəhvə-çay və
siqaret qoxusu gəlir, kafənin atmosferini qəribə bir tərkib bürüyüb, qoxulu səslər
ya da səsli qoxular!
"Bura boş mu, yoxsa gözlədiyiniz
birinin yeridir?" deyə qızdan soruşuram.
Qız eşitmir. Dayanıb ona
baxıram, dalğın görünür, əl telefonuna dalmış, deyəsən. Başında qırmızı şal
var, qara saçları şalın altından çıxıb üzünə və çiyninə tökülüb.
Qızdan cavab gəlmədiyinə görə
qayıdıb kafədən çıxıb getmək istəyirəm, arxadan bir səs eşidirəm.
"İstəsəniz, otura bilərsiniz."
Qayıdıram, qız mənə baxır,
dodağında solğun bir gülümsəmə var.
"Oturun, mən təkəm."
Qızın qabağında bir fincan qəhvə
var, bir az o yanlıqda boş bir külqabı var.
"Siz də təksiniz?!"
deyə soruşur məndən.
"Hə, bugün təkəm."
"Bu yaxşıdır, qoşa
olsaydınız, biriniz ayaq üstə qalmalı olacaqdınız!" deyib gülür.
"Elədir, Aral, yoldaşımı
deyirəm, bugün sevgilisiylə eşiyə çıxıb."
Gülümsəyirəm, qız isə fincanı
götürüb qəhvədən bir qurtum içir. Fincanın qırağından boylanan gözləri dalğın
görünür.
Qız tanış görünür mənə, onu
haradasa gördüyümü düşünürəm.
"Tanış görünürsünüz mənə,
haradasa görüşməmişik mi?!" deyə mənə baxır.
Fikrimi oxudu mu bu qız?! Mən
bu sorğunu soruşmaq istəyirdim.
"Mən də sizi bir yerdə
gördüyümü düşünürəm!"
"Deməli, tanışıq, ona görə
də siz birbaşa gəlib bu masada mənimlə oturmusunuz!"
Gülüşürük.
Gözlərinə odaqlanıram, qumraldır,
tanışdır, ancaq yadlığı da var. Bəlkə bu qızı heç görməmişəm, gördüyümü
sanıram, kiməsə bənzədirəm, bəlkə də yuxuda görmüşəm!
Qarsona iki qəhvə tapşıraram,
qızın qabağındakı boş fincanı götürüb gedir.
"Siqaret çəkərsiniz?"
deyib qutudan bir gilə çıxardır.
"Hərdənbir."
"Onda bu axşam da o hərdənbirdən
ola bilər?!" deyib gülür.
Gülüşü də tanışdır, deyəsən.
"Ola bilər!"
Gülümsəyirəm.
Çaxmağı çaxır, siqaretlərimizin
tüstüsü birbirinə qarışır. Tüstünün arxasından bənizindəki tanışlıq bir az da artır.
"Arxayınam, sizi yüzdə
yüz haradasa görmüşəm!" deyirəm.
"Nə deyim! Mənə də elə gəlir."
"Bu kafəyə tez-tez gələrsiniz?"
"Hə, həftədə bir yol gələrəm,"
deyib tüstünü tavana sarı piləyir. "Siz necə?"
“Mən də ayda bir yol."
"Bəlkə elə burada
qarşılaşmışıq," deyirəm.
"Bəlkə."
Hərdən yuxuda gördüyüm bir qız
var, bu ona da bənzəyir, deyəsən!
"Tez-tez yuxu görərsiniz?!"
deyə soruşur.
"Yox, hərdənbir."
"Deyəsən, sizdə hər nə hərdənbirdir!"
deyib, qaqqıldayıb gülür.
"Siz necə?!"
"Mən tez-tez yuxu görərəm.
Bilirsiniz, yuxular zamansız olur, bu dünyanın yasalarına, qaydalarına boyun əymir,
qadağaları pozur, ölüləri dirildir!"
"Heç bunları düşünməmişdim
indiyəcən!" deyib yüngül çaşqınlıqla ona baxıram.
Gülür, pəncərədən eşiyə baxır,
mən də baxıram, qaranlıq düşməkdə, maşınlar sovuşmaqdadır.
Qarson qəhvələri gətirir.
Siqaretimi söndürürəm, aramızdakı
tüstü bir az yüngülləşir, qızın bənizindəki tanışlıq azalır.
"Getməliyəm, hava
qaranlıqlaşır," deyib siqaretini külqabıda söndürür.
Tüstü çəkilir, qızın üzündəki
yadlıq bir az da artır.
Ayağa qalxır.
"Yenə görüşə bilərik
mi?!" soruşub qızın üzünə baxıram.
"Bilimirəm, bəlkə! Mən
geçmişi tez-tez unuduram, bəlkə gələn günlərdə bu görüşü də unutdum! Hələlik!"
Qız gedir.
Tanış yad sandığım birinin
bütünlüklə mənə yad olduğunu düşünürəm. Duvardakı saata baxıram, artıq mən də
getməliyəm.
Əl telefonumun zəngi ilə
yuxudan oyanıram, saat altı yarımdır, işə getməliyəm!
Comments
Post a Comment