Yağışdakı Pişik
✍ Ernest Hemiqvey (Ernest Hemingway)
Türkcəsi: Küyülü Nəccari Səid
Hoteldə yalnız iki Amerikalı qalırdı. Otaqlarına gedib-gələrkən pillələrdə
qarşılaşdıqları insanların heç birini tanımırdılar. Otaqları
ikinci mərtəbədə, dənizə baxan tərəfdəydi. Otaq el bağına və savaş abidəsinə də baxırdı. Bağda iri xurma ağacları və
yaşıl enli oturacaqlar var idi.
Hava yaxşı olanda həmişə orada qıçlı tablo ilə bir rəssam olurdu.
Rəssamlar xurmaların necə böyüdüyünü və bağlara, dənizə baxan hotellərin parlaq
boyalarını xoşlayırdılar.
İtalyalılar savaş abidəsinə baxmaq üçün uzaqdan gəlirdilər. Abidə
bürüncdən idi və yağışda parıldayırdı. Yağış yağırdı. Xurma ağaclarından yağış damcılayırdı.
Çınqıllı cığırlarda su gölməçələr oluşdurmuşdu. Dəniz yağışda uzun bir xətlə
sahilə çırpılıb dağılırdı, sonra yenidən eyni uzun xətlə qabarıb çırpılmaq üçün
sahilə yağışda doğru sürüşürdü. Maşınlar savaş abidəsinin yanındakı meydandan çıxıb
getmişdi. Meydanın o biri tərəfində, kafenin qapısında bir qarson dayanmış, boş
meydana baxırdı.
Amerikalı qadın pəncərədən çölə baxırdı. Eşikdə pəncərənin düz altında, suyu
süzülən yaşıl masaların birinin altında bir pişik büzüşüb oturmuşdu. Üst-başına
su dammasın deyə pişik olduqca yığcam oturmağa çalışırdı.
"Pişiyi gətirməyə gedirəm," dedi Amerikalı qadın.
"Mən gətirərəm," əri yataqdan dilləndi.
"Yox, özüm gətirərəm. Yazıq pişik masanın altında islanmamağa çalışır."
Əri yatağın ətəyindəki iki yastığa söykənərək oxumağa davam etdi.
"İslanmayasan," dedi kişi.
Qadın aşağı endi. Ofisin yanından geçərkən hotel yiyəsi ayağa qalxıb ona
baş əydi. Onun masası ofisin o biri ucundaydı. Uzunboylu, yaşlı bir kişiydi.
"Il piove (Yağış yağır)," dedi qadın. Hotel yiyəsi onun xoşuna
gəlirdi.
"Si, si, Signora, brutto tempo (Bəli, bəli, Sinyora, pis havadır)."
Kişi qaranlıq otağın uzaq ucundakı masasının arxasında dayanmışdı. Qadın
onu xoşlayırdı. Kişinin hər hansı bir şikayətə bərk ciddiliklə yanaşması qadının
xoşuna gəlirdi. Onun viqarını xoşlayırdı. Kişinin ona qulluq etmk biçimini
bəyənirdi. Onun hotelçı olmaq haqqındakı hislərini bəyənirdi. Onun yaşlı, ağır üzü
və iri əlləri qadının xoşuna gəlirdi.
Qadın onu bəyənərək qapını açıb eşiyə baxdı. Yağış daha da güclənmişdi.
Rezin yağmuluqlu bir kişi boş meydandan sovuşaraq kafeyə gedirdi. Pişik sağ
tərəfdə olacaqdı. Damın altına da girmiş ola bilərdi. Qapıda dayanınca
arxasında bir çətir açıldı. Otaqlarına baxan qulluqçuydu.
İtalyanca danışaraq. "islanmayın," deyə gülümsədi. Əlbəttə, onu
otel yiyəsi göndərmişdi.
Qulluqçu çətiri qadının başına tutaraq çınqıllı cığırla pəncərənin altına
qədər getdi. Yağışdan parlaq yaşıla boyanan masa oradaydı, amma pişik getmişdi.
Qadın birdən xəyal qırıqlığına uğradı. Qulluqçu başını qaldırıb ona baxdı.
"Ha perduto qualque cosa, Signora? (Nəsə itirmisiniz, xanım?)"
"Bir pişik var idi," dedi Amerikalı qadın.
"Pişik?"
"Si, il gatto? (Hə, pişik.)"
"Pişik?" qulluqçu güldü. "Yağışda pişik?"
"Hə," dedi qadın, "masanın altında. Hey, onu çox
istəyirdim. Bir pişik balası istəyirdim."
Qadın İngiliscə danışanda qulluqçunun sifəti gərilirdi.
"Gəl, Sinyora," dedi. "İçəri qayıtmalıyıq. Sən
islanacaqsan."
"Deyəsən," dedi Amerikalı qadın.
Onlar çınqıllı cığırla geri qayıdıb qapıdan içəri girdilər. Qulluqçu
qadın çətiri bağlamaq üçün eşikdə qaldı.
Amerikalı qız ofisin yanından geçərkən hotel yiyəsi masasından ona baş
əydi. Qadının içində nəsə çox kiçik və sıxılmış bir hiss yarandı. Hotel yiyəsi qadında
çox kiçik və eyni zamanda gerçəkdən önəmli biri olduğu hissini oyatdı. Bir
anlıq özünü son dərəcə önəmli hiss etdi. Pillələrdən yuxarı qalxdı. Otağın
qapısını açdı. Corc yataqdaydı, kitab oxuyurdu.
"Pişiyi tutdun?" deyə kitabı yerə qoyaraq soruşdu.
"Getmişdi."
Gözlərini oxumaqdan çəkərək, "görəsən, hara getdi," dedi.
Qadın yataqda oturdu.
"Onu çox istəyirdim," dedi. "Niyə bu qədər istədiyimi
bilmirəm. O yazıq pişik balasını istəyirdim. Yağış altında yazıq pişik balası
olmaq heç də xoş deyil."
Corc yenidən kitab oxumağa başladı.
Qadın gedib güzgünün qarşısında oturub əl güzgüsü ilə özünə baxdı. Üzünü
yandan incələdi, öncə bir tərəfini, sonra da o biri tərəfini. Sonra başının
arxasına və boynuna baxdı.
O yenidən yandan özünə baxaraq, “saçımı uzatsam, yaxşı olmaz mı?"
deyə soruşdu.
Corc başını qaldırıb onun oğlan uşağı kimi kəsilmiş boynunun arxasını
gördü.
"Olduğu kimi xoşuma gəlir."
"Bundan çox bezmişəm," dedi. "Oğlan kimi görünməkdən çox
bezmişəm."
Corc yataqdakı yerini dəyişdi. Qadın danışmağa başlayandan bəri Corc
ondan gözlərini ayırmamışdı.
"Çox gözəl görünürsən," dedi kişi.
Güzgünü şkafın üstünə qoydu, pəncərəyə sarı gedib eşiyə baxdı. Hava
qaralırdı.
“Saçlarımı bərk və düz bir şəkildə geriyə sarı çəkib arxada hiss eləyə
biləcəyim böyük bir düyün düzəltmək istəyirəm," dedi qadın. "Qucağımda
oturan, sığallayandasa mırıldayan bir pişik balası istəyirəm."
"Hə?" Corc yataqdan dedi.
"Bir də öz gümüş qab-qacağımla bir masada yemək yemək və bir neçə şam
istəyirəm. Yaz olsun istəyirəm,
saçlarımı güzgü qarşısında daramaq istəyirəm, bir pişik balası və yeni
paltarlar istəyirəm."
"Əh, sus, oxumağa nəsə tap," dedi Corc. Yenə oxumağa başladı.
Qadın pəncərədən eşiyə baxırdı. Artıq hava büsbütün qaralmışdı və hələ də
xurma ağaclarına yağış yağırdı.
"Nə olur olsun, mən pişik istəyirəm," dedi. "İndi pişik
istəyirəm. Uzun saçım ya da əyləncəm olmayacaqsa, heç olmasa pişiyim olsun."
Corc onu dinləmirdi. Kitab oxuyurdu. Qadın pəncərədən eşiyə, ışığın
yandığı meydana baxdı.
Kimsə qapını döydü.
"Avanti (buyurun)," dedi Corc. O, kitabından başını qaldırdı.
Qapıda qulluçu dayanmışdı. O, böyük, ala-bula pişiyi döşünə basmış,
qucağında tərpədirdi.
"Bağışlayın," dedi qulluqçu qadın, hotel yiyəsi məndən bunu sinyoraya
(xanıma) gətirməyimi istədi.
Comments
Post a Comment