ATASININ GƏZDİYİ AĞAC
Qurban'ın
atası Əsgər də gəncliyində Nərgiz adlı bir qızı qaçırtmışdı. Qızı almışdı kürəyinə
aparmışdı xalasıgilə. Yol boyu Nərgiz yumruqla döymüşdü oğlanın başına. Əsgər
xalasıgilə çatanda, başı gicəlmişdi, yıxılmışdı otağa. Heç nədən xəbəri olmayan
xalasının az qalmışdı ürəyi dayansın. Əsgər gözünü açanda, anasını, bacılarını,
xalasıgili görmüşdü. Hamısının gözü yaşlıydı. Nə olduğunu soruşmuşdu. Siz
kimsiz demişdi. Onların birdən ağlaşdığı onu lap çaşqınlığa salmışdı. Axşam
olanda ağlı başına gəlmişdi, anasıgili, xalasıgili tanımışdı. Birdən Nərgiz
yadına düşmüşdü, dik durub oturmuşdu. Nərgiz'in hara getdiyini soruşmuşdu. Xalası,
Nərgiz'in qaçıb getdiyini demişdi. Ayağa durmaq istəmişdi, başı yenə gicəlib
yerə sərilmişdi.
Neçə
gün çəkmişdi özünə gəlməsi. Bir gün axşam üstü Əsgər bağdan evə tək gələndə, dəhnədə
Nərgiz'in qardaşları onun qabağını kəsib, onu doyunca döymüşdülər. Aşa-aşa
özünü bir təhər evə çatdırmışdı. Evdəkilər Əsgər'in üz-gözünü lala qan içində
görəndə əl-haya qalmışdılar. Neçə gün çəkmişdi sağalması.
♣¿♣
Qurban
dedi, “Nazlı'yla anlaşmışıq. Sabah günorta çağı məktəbdən gələndə qaçacağıq.”
Dedim,
“bu daşı tök ətəyindən, ay Qurban. İndi daha qız qaçırtmaq zamanı deyil.”
"Yox,
mən o qızı çox sevirəm. O da məni sevir, məsajlarında dönə-dönə mənə yazıb. Amma
dədə-nənəsi razılıq vermir."
"Heç
ailələriz də birbirinə yaraşmır."
"Yox,
qaçırdacağam."
"Özün
bilərsən!"
♣¿♣
Neçə
gün Qurban'dan xəbər olmadı. Onu görmək üçün evlərinə getdim. Qurban evdə
yorğan-döşək içindəydi.
Atası
oturmuşdu, papruz çəkirdi. Anasının yarası, məni görcək, deşildi.
"Gör
oğlumu nə günə qoyublar."
Qurban'ın
üz-gözü göyərmişdi.
"Nə
oldu, bə, Qurban?!"
"Heç
zad, qızı qaçırdacağım gün, birdən qız qaçmaqdan vaz geçdi. Hay dilə tutdum gəl
qaçaq, qulaq asmadı. Mən də zorla qolundan yapışıb maşına mindirmək istədim. O
sırada qızın qardaşı ilə ayrı bir oğlan bilmirəm birdən hardan tapıldılar,
töküldülər başıma. Məni bu günə saldılar. Qız da qaçıb getdi."
Qurban'ın
bu sözlərini eşidən atası, sağ qolunu çırmalayıb, Qurban'a əyri-əyri baxa-baxa birdən
partladı:
"Bir
mənim qoluma bax."
Qolunda
yara yeri var idi. Qurban atasına çaş-baş baxdı.
"Ay
külbaş, mən də o qızın bibisini qaçırtmışdım!"
Comments
Post a Comment