Gəldi-Gedər

 

Günəş batmaqdaydı. Artıq, bugün kimsənin onu qurtarmağa gələcəyini gözləmirdi. Zəlzələdən haradasa üç saat geçmişdi, uzaqdan hay-küy, qışqırtı, ağlaşma səsi gəlirdi. Hərdən də çölə dağılışıb yiyəsini axtaran mal-davarın mələşməsi eşidilirdi.

Bir anda dünya qarışmış, hər nə uçub başına tökülmüşdü. Yerin belə titrəməsini heç bu yaşınacan görməmişdi. Evin dirəkləri yerindən oynamış, tavandakı pərdilər silkələnib evin içinə çökmüşdü. Qatı toz qopub, gözünün qabağında hər yer toz-torpaq içində itmişdi.

Oğlan dörd-beş saat bundan qabaq kəndə yetişmişdi, tək anası evdəydi, mətbəxdəki təndirdə çörək yapırdı. Atası qonşu kəndə, bibisinə dəyməyə getmişdi. Elə ayda bir yol bacısının görüşünə gedərdi. Oğlan, bacılarını da görməmişdi, hərəsi öz evindəydi, gedib görəcəkdi hələ. Zəlzələ heç gözünü açıb, kənddəkiləri görməyə fürsət vermədi. Bir az dincəlib çölə çıxacaqdı, amma belə getsəydi, çölə çıxması da əlçatmaz bir arzı olacaqdı. Anasından da heç bir xəbər yox idi, neçə yol, "Ana, ana, səsimi eşidirsən?" deyə səsləmişdi, amma anasından cavab gəlməmişdi.

Əsən yel hərdən təndirdən gələn tüstü iyini oğlanın burnuna toxundururdu. Üstündə bir yığın tir, pərdi, kərpiç var idi, qıçlarını heç tərpədə bilmirdi, sol qıçı çox ağrıyırdı. Şansından evin yoğun dirəyi otaqdakı kətilin üstünə düşüb, yerə bütöv yıxılmamışdı, oğlan dalıüstə düşüb, başı-boynu yerlə dirəyin arasındakı boşluqda qalmışdı.

Mətbəxdən çıxıb otağa gələndə anasının yapdığı çörəkdən neçəsini götürüb gətirmişdi, axşam üstü süzmə qatıqla təzə çörək çox yapışırdı.

"Təzə çörəyin iyi yaman xoş gəlir mənə. Sənin çörəklərivə çox qəribsəmişdim," anasına demişdi.

"Canıva yarasın, oğlum, götür ye. Otaqda süzmə qatıq da var, apar orda ye," oğluna baxaraq demişdi anası.

Neçə çörək götürüb otağa gəlmişdi, əlində çörək, qatığı axtararkən yer-göy silkələnib başına tökülmüşdü. Qatığı tapa bilməmişdi, özü də çörəklər də yerə sərilmişdi. Ev xarıltıyla başına uçmuşdu.

Evləri Kəndin o biri evlərindən bir az aralıydı. Kənddə yirmi ev var idi, kəndlilərin çoxu şəhərə köçmüşdü, hərdən də kəndə gəlirdilər. Qədim zamanlarda kənd yüzevli imiş, amma getdikcə kəndin adamları azalıb, evləri də bir-bir boşalıb uçmuşdu. İndi, qalan evləri də ki bu zəlzələ yıxıb dağıtmışdı.

Kənddən hay-küy səsi qovzanmışdı, amma kimsə bunların evlərinə sarı gəlməmişdi, deyəsən bu yanda bir evin olduğu kənddəkilərin yadından çıxmışdı. Bu dağ kəndinə qurtarıcıların gəlib çatması bəlkə sabahacan, bəlkə də bir-iki gün çəkəcəkdi. Kənddə də ki daha çox qarı-qoca, arvad-uşaq qalmışdı. Gənclər işdən ötrü uzaq şəhərlərə çıxıb getmişdilər. Oğlan da bu gedənlərdən biriydi. Gedənlərin çoxu ildə bir yol kəndə gəlirdi, bə'ziləri də oğlan kimi neçə aydan bir gəlirdi, bə'ziləri isə gedər-gəlməz olmuşdu.

Bir göz qırpımında evin başına uçmasına heç inana bilmirdi. Hələ yol yorğunluğu canından çıxmamışdı, oturub dincəlib, kəndi dolanmağa gedəcəkdi, bacılarının evinə uğrayacaqdı. Böyük bacısının iki ay qabaq uşağı olmuşdu, kəndə yetişəndə özünə, "Kəndə xoş gəldin, dayı," demişdi.

İlk anlarda öldüyünü sanmışdı, gözləri qaralmışdı, öncə qol-qıçı keyimiş, sonra bala-bala gizildəməyə, sızıldamaya, ağrımaya başlamışdı. Getdikcə ağrı bütün bədənini bürümüşdü, ondayacan heç hiss etmədiyi bir ağrı; acı, umudsuz bəlkə toxtamaz bir ağrı. O yan bu yana baxımışdı, başının üstündə balaca bir baca görmüşdü. Başını qaldırmaq istəmişdi, boynundan bir ağrı gəlib başına yığışmışdı, başı gicəlmişdi. Özünə baxmışdı, döşündən aşağısını görə bilməmişdi, bədəninin yarısından çoxu uçuntuların altında qalmışdı. Başına nə gəldiyini heç bilməmişdi. Uzaqdan, yıxılan evlərin xarıltısını eşitmişdi, sonra qışqırışmalar, ağlaşmalar, anlaşılmaz hay-küylər qovzanmışdı. Zəlzələnin nə olduğunu uzaqdan, radiyo-telviziyondan eşidib görmüşdü, gündəliklərdə oxumuşdu, amma onu belə yaxından təcrübə etməmişdi, onun nə qorxunc, acımasız bir şey olduğu beynini silkələmişdi.

Sönməkdə olan odun tüstüsü yenidən burnuna dəymişdi. Anasının yandırdığı od idi bu. "Ana, ana, səsimi eşidirsən?" deyə var gücüylə qışqırmışdı. Cavab gəlməmişdi, yenidən ağlaya-ağlaya qışqırmışdı, yenə də heç bir cavab gəlməmişdi. Beş-on yol anasını çağırmışdı, sonda səsi bitmişdi, bəlkə də batmışdı. Hay qışqırmışdı, səsi çıxmamışdı, adamın yuxuda səsinin çıxmadığı yadına düşmüşdü, yuxuda olduğunu sanmışdı, sevinmişdi. "Nə yaxşı ki, bütün gördüklərim yuxuymuş," demişdi. Canına bir az hey gəlmişdi, qovzanmaq istəmişdi,  o anda üstündəki pərdilərdən biri bir az dəbərişib, sağ qolunun üstünə torpaq səpələnmişdi, sol qıçındakı ağrı yenə qayıtmışdı. Bu durumun yuxu olmadığına, lap aşkar gerçək olduğuna inanmışdı. Yenə quyunun dibindən gələn bir səslə anasını çağırmışdı, amma heç bir səs eşitməmişdi. Yaxından bir səs, bir cınqırtı gözləmişdi, başqa bir insanın səsinin necə də umudverici olduğunu ömründə birinci dəfə düşünmüşdü.

Dünən axşam Tehran'dan çıxmışdı. Gecə saat on birdə maşına minmişdi. Maşın Tehran'dan çıxanda müsafir axtararkən bir az gecikmişdi. Sürücü, oturan müsafirlərin dillənməsinə, narazılığına baxmayıb, öz işini görmüşdü. Neçə müsafir tapıb, Qəzvin'ə, Zəncan'a mindirmişdi. Yolda maşın xarab olmuşdu, bir saatdan çox yolda qalmışdılar. Səhər saat on həndəvərində şəhərə çatmışdı. Şəhərdə görməli işləri var idi, işlərini sahmana salıb, ev üçün bir az ayın-oyun alanacan günorta olmuşdu. Aclığını yatırtmaq üçün kekdən-zaddan atışdırıb, kənd maşınlarının dayanacağına getmişdi. Maşın tapanacan haradasa bir saat geçmişdi. Yoqquşları udquna-udquna gedən daşqa bir maşınla çıxmışdı. Kəndə gedib çıxmaq bir saatdan çox çəkmişdi.

Hər dönə telefon açıb, gəlməsini deyərdi, amma bu dönə xəbərsiz getmək istəmişdi. Beləsinə ata-anasının, bacılarının daha çox sevinəcəyini sanmışdı. Elə, sandığı da düz çıxmışdı, anası, onu birdən gördükdə, qanad açıb uçacaq kimi olmuşdu.

Gözlərini bərəldərək başının üstündəki bacadan eşiyə baxdı. Artıq, hava alaqaranlıq idi, bir azdan hava qaralacaqdı, soyuq düşəcəkdi. Didərgin düşmüş mal-davarın, toyuq-xoruzun qoxusu canavarları, çaqqalları çəkib kəndə gətirəcəkdi. Kəndin yay gecələrində çox soyuq olduğu uşaqlıqdan yadında qalmışdı. Hələ qışda ki heç! Allah görsətməsin, yer-göy donurdu, yol-yolacağı qar basıb, şəhərlə, o biri kəndlərlə gəl-get kəsilirdi. Yol idarəsinin loderinin gəlib yolu açması iki-üç gün çəkirdi.

İtlərin hürüşməsini eşitdi. Faciə gözünün önündə pırıldayırdı. Anasını səslədi, heç cavab gəlmədi. Atasından, bacılarından, kürəkənlərindən də heç xəbər yox idi, diri idilər mi, ölmüşdülər mi, heç bilmirdi.

Bayaqdan gələn qışqırışma-ağlaşma səsi bir az azalmışdı, amma yenə eşidilirdi. Bəlkə xalq ağlamaqdan yorulmuşdu, bəlkə də oğlanın qulaqları ağırlaşmışdı. Hərdən aclıq hissi me'dəsini ovurdu, amma ağır qorxudan gələn hövünüş, aclığı basırdı.

Yenə yer titrədi, şiddətli idi, amma əvvəlkinə çatmazdı. Üstündəki dirək-kərpiclər silkələndi. Boyun-boğazına bir az torpaq töküldü. Bədəninin də daha çox sıxışdığını duydu. Solğun bənizinin rəngi bir az da qaçdı.

“Bu yerə nə gəlib? Niyə öz yerində dura bilmir?” düşündü. Heç bir iş görə bilməzdi. “Deyəsən, bu gecə burda torpağa quylanacağam,” deyə başının üstündən eşiyə baxdı. Hava bütün qaralmışdı. Göy qaranlıq idi. Bir az göz dolandırdı, heç nə görmədi, sonda bərəlmiş gözləri qaralıb öz-özünə yumuldu. Yavaş-yavaş gecənin canı soyuyurdu, oğlanın bədəninə də bir üşütmə düşürdü. Vücudu ağrıyırdı mı keyişmişdi mi özü də heç ayırd edə bilmirdi. Boynu qurumuşdu, susuzluqdan ağzı bir yerə yığışmışdı. Gecə çökdükcə yorğunluq, umudsuzluq bürüyürdü oğlanı. Gözlədiyi o üşütmə yavaş-yavaş canına işləyirdi. Baş gicəlməsi var idi, göz qaralması...

Gözünü açdıqda ulaşma-hürüşmə səsi gəlirdi. Bu ulartı-hürüşmə səsinə bir də mələşmə səsi qarışdı. Öncə nə olduğunu seçə bilmədi. Bir azdan canavarların dağınıq düşmüş qoyun-quzuya basqın etdiyini, itlərinsə onlarla boğuşduğunu anladı. Haradasa gecə yarını geçmişdi. Yaxından gələn boğuşma səsi getdikcə ucaldı. Səs səsə qarışdı, qiyamətin qopduğunu sandı oğlan. Beş-on dəyqədən sonra mələşmə-ulaşma səsi yatdı, yalnız hürüşmə səsi gəlirdi. Yavaş-yavaş hürüşmə səsi də seyrəkləşdi. Boğuşmanın hara çatdığını, canavarların mı itlərin mi qalib gəldiyini bilmədi. Yenə uzaqdan sızıltı səsi gəldi. Bayaqdan heyvanların səsi adamların sızıltısını batırmışdı. Təndirdəki oddan, artıq, azca tüstü iyi dəyirdi burnuna. Oğlanın ağzından buğ çıxırdı.

Yenə yer titrədi, pərdi-dirəklər xırçıldadı, çatlamış, yarısı uçmuş bir duvar tökülüb dağıldı. Kərpic parçaları oğlanın üstünə töküldü. Başı ağırlaşdı, ağrıdan, gücsüzlükdən, uçuntuların basqısından gözləri qaraldı. Gecə bitmək bilmirdi, sızıltılar, ağlaşmalar...

“Burda biri var? Səsimi eşidən var?” deyə bir səs dəydi qulağına.

Oğlan bayğın düşüb yoxsa yuxuladığını bilmədi. Gözlərini açıb yumdu. Başqa bir səs yenə səsləndi:

“Qudrət Qardaş, Telli Bacı! Səsimi eşidirsiz?”

Oğlan bütün gücünü boğazına yığıb, “Burdayam,” deyə qışqırdı.

Səsi elə də güclü deyildi, amma eşikdəkilərdən biri onu eşitdi.

"O yandan, o uçuq otaqdan bir səs gəldi. Deyəsən orda biri var," deyə yoldaşına səsləndi.

"Burda biri var?" deyə adamlardan biri qışqırdı.

Oğlan, "Burdayam, otaqda," qışqıraraq dedi. Səsi cürüldəyirdi.

Hələ gün çıxmamışdı, amma dan yeri ağarmışdı. Xoruzların banlamasından xəbər yox idi, bəlkə yuxuya qalmışdılar, bəlkə də dünən gecə çaqqallara yem olmuşdular. Qoyun-quzunun da səsi gəlmirdi, deyəsən gecəki boğuşmada yenilmişdilər.

"Səs ver görək hardasan!" deyə adamlardan biri yenə səsləndi. Artıq, iki adam oğlanı qurtarmağa gəlmişdi.

"Burdayam, otaqda, anam mətbəxdədi, öncə onu çıxardın," deyə çığırtıya döndü səsi.

"Sən mətbəxə get, mən otaqdakını çıxardaram," dedi adamlardan biri.

Otağa yaxınlaşan səs, "Dinlən görüm hardasan!" deyə qışqırdı.

"Burdayam, pəncərənin qabağında," deyə çığırdı oğlan.

O biri səs bir az uzaqlaşdı.

"Ay Telli Bacı! Telli Bacı, səs ver!" uzaqlaşan səs dedi.

Oğlanın qulağı mətbəx yönündəydi, anasından xəbər gözləyirdi. Heç özünün nə durumda olduğunu bilmirdi. Çıxmağa tələsirdi.

"Qorxma, indi qurtararam səni," dedi yaxındakı səs.

"Mən qorxmuram, anama baxın," dedi oğlan.

Qurtarmağa gələn adam, "Narahat olma, anavı da indi yoldaşım çıxardar," deyə oğlana ürək verdi.

Ağlaya bilmirdi, bütün nisgili, qorxusu, özləmi yığışıb içində qalmışdı. Buradan çıxdıqda nə görəcəyi onu daha da çox qorxudurdu. Dam-duvarın altında qalma qorxusu getdikcə azalıb, onun yerini eşikdə görəcəklərinin qorxusu tuturdu, bədəni soyuyurdu, bütün ağrılarını unudurdu, ürəyinin döyüntüsü çoxalırdı.

Üstdən adamın işləmək səsi, nəfəsinin fısıltısı gəlirdi. Getdikcə onun nəfəs səsi ucalırdı. Oğlan üstündəki yükün yüngülləşdiyini sezirdi. Azqala yarım saat çəkdi adamı görməsi. Ortayaşlı bir kişi idi onu qurtaran. Oğlan tanımırdı onu.

Kişini görcək, "Anam, anam necədi? Onu çıxartdız?" deyə hövləsək soruşdu.

"Tələsmə, yoldaşım onu çıxardır," deyə qara bir pərdini oğlanın üstündən götürdü.

Kişinin qalın bığı, dolu qaşları gözə çarpırdı. Oğlanın qoltuqlarından yapışıb dam-duvarın altından yavaş-yavaş çəkdi eşiyə. Yenicə doğan günəşin ışığı gözünü qamaşdırdı. Gözlərini yumub açdı. Kişi onu sürüyüb həyətin ortasına çəkdi. Oğlan başını qovzayıb qıçlarına baxdı. Qıçlarını tərpətmək istədi, sol qıçını tərpədə bilmədi, dünən gecədən qıçında duyduğu ağrı lap bərkişdi. Ağrıdan, gözləri qısıldı.

Kişi bu hərəkəti görcək, "Dəbərtmə, dəbərtmə, deyəsən sol qıçın sınıb," deyə əlini onun sol qıçının üstünə qoydu.

Oğlan dönüb mətbəxə sarı baxdı. O yandakı adamın önündə bir arvad yerə uzanmışdı. Adam hərəkətsiz oturmuşdu.

"Anama, a- anama nə olub?" deyə qışqırdı oğlan.

Səsi eşitdikdə mətbəxdəki adam həyətə sarı dönüb baxdı. Oğlan tanıdı onu.

"Tarıverdi Əmi," deyə çağırdı. Uşaqlıq yoldaşının atasıydı Tarıverdi Əmi.

Mətbəxdəki kişi adını eşitcək ayağa durub oğlana sarı yeridi.

"Sənsən İsmayıl? Burda neylirsən? Haçan gəldin?" deyə oğlanın yanına gəldi.

Oğlanın qolundan yapışıb alnından öpdü. Ağlamsına-ağlamsına yenə Tarıverdi Əmi'dən anasını soruşdu. Tarıverdi Əmi başını aşağı saldı. Gözündəki yaşlar dımırlanıb torpağa düşməyə başladı. Oğlanın gözləri yenə qaraldı, qulaqlarında anlaşılmaz bir gürültü səsləndi, gözünün önündəki şeylər fırlanmağa başladı...

Gözünü açdıqda götürgədə gördü özünü. Ağ-qırmızı geyinmiş dörd kişi onu daşıyırdı. Sol qıçı taxtaların arasındaydı. Başını qovzayıb həndəvərinə baxmaq istədi. Götürgəni götürənlərdən biri, "Qımıldama," deyə onun başını yenidən götürgəyə yapışdırdı. Gedə-gedə gözyaşları zinə-zinə axmağa başladı. Yola baxdı, qıraqda neçə parçalanmış qoyun leşini gördü.

Maşın yoluna çatdıqda onu vanetin arxasına pəti üstünə qoydular. Vanetin yanında Tarıverdi Əmi'ni gördü.

"Atamdan, bacılarımdan xəbərin var?" deyə soruşdu oğlan.

Vanet yollandı. Oğlan, uzaqlaşa-uzaqlaşa, ayaq üstə durub baxan Tarıverdi Əmi'nin üz-gözünün islandığını görürdü.

Comments

Post a Comment

Popular posts from this blog

تانیش یاد

اوْلوم‌لا اؤلوم آراسی